Şimal axını partlayışları ilə bağlı axtarışda olan şəxs saxlanılıb
2022-ci ildə Almaniya ilə Rusiya arasında Baltik dənizinin altından keçən Şimal axını qaz kəmərlərində baş vermiş partlayışlarla bağlı araşdırma çərçivəsində Ukrayna vətəndaşı Xorvatiyada saxlanılıb.
Crossmedia.az ˝The Guardian ˝-a istinadən xəbər verir.
Almaniya prokurorluğunun məlumatına görə, təlim keçmiş dalğıc olan şübhəli partlayışların təşkilində birbaşa iştirak etməkdə ittiham olunur. O, çərşənbə günü Xorvatiyanın Pula şəhərində saxlanılıb.
Almaniya tərəfi onun ekstradisiyasını tələb edəcək. Şübhəli iş üzrə Almaniyanın Karlsrue şəhərindəki Federal Məhkəmədə mühakimə olunacaq.
Prokurorluq şübhəlini yalnız Vladimir Z. kimi təqdim edib. Onun 2022-ci ilin sentyabrında Bornholm adası yaxınlığında Şimal axını-1 və Şimal axını-2 qaz kəmərlərinin yaxınlığında partlayıcı qurğular yerləşdirən qrupun üzvü olduğu bildirilir.
İstintaqa görə, Vladimir Z. partlayıcıların yerləşdirilməsi üçün zəruri dalışlarda iştirak edib.
Şübhəlinin ötən il Polşada saxlanılan və daha sonra azad edilən Volodimir Juravlev olduğu güman edilir. Polşa məhkəməsi Almaniyanın Avropa həbs qərarının icrasından imtina etmişdi.
Məhkəmə Almaniyanın bu iş üzrə yurisdiksiyasını şübhə altına alaraq Şimal axınının məhv edilməsinin Ukraynanın müdafiə müharibəsi çərçivəsində əsaslandırıla biləcəyini bildirmişdi.
Almaniya və Polşa mediasının məlumatına görə, şübhəli 2024-cü ildə Polşada saxlanılmaqdan yayınaraq Ukraynaya qaçmışdı. Polşa hakimiyyəti onun beynəlxalq axtarış sisteminə daxil edilməsi zamanı Almaniya tərəfinin inzibati səhvlərə yol verdiyini bildirmişdi.
İş üzrə digər şübhəli Sergey K. isə ötən ilin avqustunda İtaliyada saxlanılıb və İtaliya məhkəmələrindəki uğursuz apellyasiya proseslərindən sonra noyabr ayında Almaniyaya ekstradisiya edilib.
2022-ci ilin sentyabrında Şimal axını qaz kəmərlərində baş verən sualtı partlayışlar nəticəsində dörd boru xəttindən üçü ciddi zərər görmüşdü.
18:30 19.08.2026
Oxunuş sayı: 46