Karapetyan: Ermənistan Rusiyaya ixrac gəlirlərini itirməməlidir
Ermənistan Rusiyaya mal və xidmət ixracından əldə etdiyi gəlirləri riskə atmamalı və buna uyğun siyasi kurs yürütməlidir.
Crossmedia.az xəbər verir ki, bu barədə parlamentdə “Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyan bildirib.
O, “Güclü Ermənistan” partiyasının deputatı Areqa Ovsepyanın parlamentin Avrointeqrasiya məsələləri üzrə komissiyasının sədri vəzifəsinə namizədliyinin müzakirəsi zamanı çıxış edib.
Karapetyanın sözlərinə görə, fraksiya bu komissiyanı seçib, çünki hakimiyyətin Avropa İttifaqı ilə münasibətlərdə xarici siyasət kursu ilə bağlı çoxsaylı səhvlərə yol verdiyini düşünür.
O bildirib ki, hakim “Vətəndaş Müqaviləsi” partiyası daim Aİ ilə yaxınlaşmağın vacibliyindən danışır. Bununla belə, onun fikrincə, məhkəmələrin hökumətdən müstəqilliyi təmin edilməyib, məhsulların keyfiyyət standartları müəyyənləşdirilməyib və Avropa İttifaqına ixrac inkişaf etmir.
Karapetyan qeyd edib ki, Ermənistan 2025-ci ildə Rusiyaya mal və xidmət ixracından 3,2 milyard dollar gəlir əldə edib.
“Mən istəmirəm ki, biz bu gəlirləri itirək və həmin gəlirləri başqaları əldə etsin”, – deyə o bildirib.
15:58 19.08.2026
Oxunuş sayı: 47