Tibbi sığortalar nə üçün insanların sağlamlığını qorumur?
Xaricə səfər zamanı tibbi yardıma ehtiyac yaranan vətəndaşların sığorta şirkətləri ilə bağlı müxtəlif problemlərlə üzləşməsi sığorta xidmətlərinin keyfiyyəti məsələsini gündəmə gətirir. Xüsusilə səfər sığortasında tibbi yardımın təşkili bir neçə tərəfin – sığorta şirkəti, assistans xidməti və tibb müəssisəsinin əməkdaşlığını tələb edir. Bu zəncirin hər hansı mərhələsində koordinasiyanın zəif olması müştərinin tibbi yardıma çıxışının gecikməsinə səbəb ola bilər. Bununla yanaşı, sığorta polisinin şərtlərinin müştəriyə tam izah edilməməsi, sığorta təminatına daxil olan və olmayan halların aydın göstərilməməsi də sonradan narazılıqlar yaradır. Xarici ölkələrdə tibb müəssisələri şəbəkəsinin məhdudluğu və 24 saatlıq əlaqə imkanlarının yetərli olmaması da belə hallarda əlavə çətinliklər yarada bilər. Bəs hansı hallarda tibbi yardıma gecikmiş yönləndirməyə görə sığorta şirkəti məsuliyyət daşıyır və müştərinin hüquqları necə qorunmalıdır?

İqtisadçı-ekspert Akif Nəsirli Crossmedia.az-a açıqlamasında bildirib ki, bu problemlərin əsas səbəblərindən biri sığorta şirkəti ilə müştəri arasında xidmət zəncirinin çoxpilləli olmasıdır:
“Xüsusilə səfər sığortasında sığortaçı xaricdəki assistans şirkəti, tibb müəssisəsi və bəzən yerli tərəfdaşlarla işləyir. Bu qurumlar arasında koordinasiya zəifdirsə, müştərinin müraciətinə cavab gecikir və tibbi yardımın təşkili uzanır. Bundan başqa, polis şərtlərinin müştəriyə tam izah edilməməsi, hansı halların sığorta təminatına daxil olub-olmamasının aydın göstərilməməsi, 24 saatlıq əlaqə imkanlarının zəifliyi və xarici ölkələrdə kifayət qədər geniş tibb müəssisələri şəbəkəsinin olmaması da problemlər yaradır. Bəzən problem sığorta şirkətinin özündən deyil, müştərinin hadisə zamanı müəyyən prosedurlara əməl etməməsindən də yarana bilər. Məsələn, polis şərtlərində tələb olunursa, xəstəxanaya müraciətdən əvvəl assistans xidmətinə məlumat verilməlidir. Lakin təcili tibbi vəziyyətdə insanın əvvəlcə tibbi yardım alması zəruri ola bilər. Buna görə sığorta şirkəti müqavilə şərtlərini formal əsas gətirərək real və təcili tibbi ehtiyacı tamamilə görməzdən gəlməməlidir. Xaricdə tibbi yardıma yönləndirmənin gecikməsi o zaman sığorta şirkətinin məsuliyyətinə səbəb ola bilər ki, müştəri sığorta hadisəsi barədə vaxtında məlumat verib, müqavilə üzrə tələb olunan məlumatları təqdim edib və buna baxmayaraq şirkət və ya onun cəlb etdiyi assistans xidməti üzərinə düşən təşkilati tədbirləri vaxtında həyata keçirməyib.Məsələn, müraciət qəbul edildiyi halda uyğun klinikaya yönləndirmənin əsassız gecikdirilməsi, müştərinin təkrar-təkrar zəng etməsinə baxmayaraq əlaqənin təmin olunmaması və ya təcili tibbi vəziyyət barədə məlumat olduğu halda lazımi tibbi müəssisənin təşkil edilməməsi şirkətin məsuliyyət məsələsini gündəmə gətirə bilər. Eyni zamanda, sığorta şirkəti yalnız “hadisə sığorta paketinə daxil deyil” deməklə kifayətlənməməlidir. İmtinanın konkret müqavilə şərtinə və istisnaya əsaslandığını izah etməli və müştəriyə bununla bağlı əsaslandırılmış cavab verməlidir. Əgər şirkətin öz səhvi və ya assistans xidmətinin fəaliyyətsizliyi nəticəsində müştəri daha böyük tibbi xərc çəkməli olubsa, həmin xərclərin və digər mümkün zərərlərin kompensasiyası məsələsi də yarana bilər".
iqtisadçı qeyd edib ki, burada əsas problem sığorta bazarında polisin satılmasına deyil, sığorta hadisəsi baş verdikdən sonra xidmətin real göstərilməsinə nəzarətin gücləndirilməsidir: "Şirkətlərin yalnız müqavilə bağlama və sığorta haqqı toplama göstəriciləri deyil, müraciətlərə cavab müddəti, tibbi müəssisəyə yönləndirmə vaxtı, imtinaların sayı və əsasları, müştəri şikayətlərinin həlli və ödənişlərin vaxtında həyata keçirilməsi də qiymətləndirilməlidir. Bu göstəricilər üzrə şəffaflıq artarsa, sığorta şirkətləri üçün müştəriyə kağız üzərində deyil, real və operativ xidmət göstərmək daha vacib olacaq”.
Zeynəb Həsən
17:30 18.08.2026
Oxunuş sayı: 44