Deputat: Azərbaycanın geosiyasi və təhlükəsizlik faktoruna çevrilməsinin əsas amilləri
Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycanın “çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrildiyini” bildirməsi ölkənin son illərdə regionda və beynəlxalq münasibətlər sistemində dəyişən rolunu gündəmə gətirib. Azərbaycanın geosiyasi çəkisinin artmasında ərazi bütövlüyünün və suverenliyinin təmin olunması ilə yanaşı, hərbi potensial, iqtisadi imkanlar, enerji infrastrukturu, nəqliyyat dəhlizləri və fəal diplomatik əlaqələr də mühüm rol oynayır. Azərbaycanın Avropa ilə Asiyanın kəsişməsində yerləşməsi də bu prosesdə ölkəyə əlavə imkanlar yaradır. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Orta Dəhliz və Cənub Qaz Dəhlizi kimi layihələr Azərbaycanın nəqliyyat və enerji təhlükəsizliyində rolunu artırır. Bununla yanaşı, Türkiyə ilə müttəfiqlik münasibətləri, Avropa İttifaqı və ABŞ-la əməkdaşlıq, Mərkəzi Asiya ölkələri ilə genişlənən əlaqələr Azərbaycanın regional proseslərdəki mövqeyini müəyyən edən əsas istiqamətlər sırasında yer alır.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Jalə Əliyeva Crossmedia.az-a açıqlamasında bildirib ki, Azərbaycanın geosiyasi və təhlükəsizlik faktoruna çevrilməsi bir gündə formalaşmayıb:
"Bunun arxasında uzunmüddətli dövlət siyasəti, siyasi və iqtisadi müstəqilliyin möhkəmləndirilməsi, hərbi potensialın artırılması, çevik diplomatiya və ölkənin əlverişli geostrateji mövqeyinin üstünlüyə çevrilməsi dayanır. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası da bu prosesin mühüm mərhələlərindən biridir. 2020-ci il Vətən müharibəsi və 2023-cü ildə Azərbaycanın suverenliyinin bütün ərazisində bərpası Cənubi Qafqazın geosiyasi reallıqlarına təsir göstərib. Bu baxımdan hərbi güc Azərbaycanın geosiyasi siyasətinin yeganə elementi deyil, diplomatik imkanları, milli təhlükəsizliyi və siyasi manevr imkanlarını tamamlayan əsas amillərdən biridir. Azərbaycanın Avropa ilə Asiyanın kəsişməsində yerləşməsi də ölkənin geosiyasi çəkisini artıran mühüm üstünlükdür. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Xəzər dənizində yük donanması və digər infrastruktur layihələri Azərbaycanın Şərq-Qərb bağlantısındakı rolunu gücləndirib. Orta Dəhliz üzrə Azərbaycan ərazisindən keçən yükdaşımaların artması da ölkənin nəqliyyat imkanlarının əhəmiyyətini göstərir. Nəqliyyat dəhlizləri artıq yalnız iqtisadi deyil, həm də təhlükəsizlik və geosiyasət baxımından mühüm elementə çevrilib. Sabit, etibarlı və alternativ marşrutlara malik ölkənin beynəlxalq əhəmiyyəti də artır".
Deputat qeyd edib ki, Azərbaycanın geosiyasi əhəmiyyətini artıran əsas amillərdən biri də enerji təhlükəsizliyidir:
"Cənub Qaz Dəhlizi Azərbaycanın enerji resurslarını Avropa bazarlarına çatdıran mühüm infrastruktur sisteminə çevrilib. Azərbaycan qazını qəbul edən ölkələrin sayının artması ölkənin enerji sahəsində strateji tərəfdaşlıqlarını genişləndirir və Azərbaycanın Avropanın enerji təhlükəsizliyində iştirakını gücləndirir. Eyni zamanda, Azərbaycanın təhlükəsizlik faktoruna çevrilməsində müxtəlif güc mərkəzləri ilə milli maraqlara əsaslanan əməkdaşlıq modelinin qurulması da mühüm rol oynayır. Avropa İttifaqı, ABŞ, Türkiyə, Mərkəzi Asiya dövlətləri və digər tərəfdaşlarla enerji, nəqliyyat, investisiya və təhlükəsizlik sahələrində əməkdaşlıq imkanları genişlənir. Azərbaycan-Türkiyə müttəfiqliyi regional təhlükəsizlik, enerji və nəqliyyat bağlantısının mühüm dayaqlarından biri kimi çıxış edir. Cənubi Qafqazda yeni reallığın yaranması ilə nəqliyyat, iqtisadi əməkdaşlıq və kommunikasiya layihələri üçün də yeni imkanlar formalaşıb. Müasir dövrdə təhlükəsizlik anlayışı yalnız hərbi güclə məhdudlaşmır. Enerji, nəqliyyat, ərzaq, rəqəmsal kommunikasiya, iqtisadi dayanıqlılıq və diplomatik imkanlar da milli təhlükəsizliyin komponentlərinə çevrilib. Azərbaycanın üstünlüyü güclü ordu, siyasi sabitlik, enerji infrastrukturu, nəqliyyat dəhlizləri, iqtisadi imkanlar, strateji tərəfdaşlıqlar və əlverişli coğrafi mövqenin bir-birini tamamlamasındadır. Bu baxımdan Azərbaycanın ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilməsi bir amilin deyil, bir-biri ilə əlaqəli çoxsaylı faktorların nəticəsidir".
Zeynəb Həsən
19:00 02.10.2026
Oxunuş sayı: 60