Cənubi Qafqazda investisiya və biznes dialoqu platforması yaradıla bilər - Müsahibə
Orta Dəhliz son illərdə qlobal nəqliyyat-logistika xəritəsində əhəmiyyətini getdikcə artıran marşrutlardan birinə çevrilib. Çin–Mərkəzi Asiya–Xəzər dənizi–Azərbaycan–Gürcüstan–Türkiyə–Avropa xətti üzrə daşımaların genişlənməsi Azərbaycanın tranzit imkanları ilə yanaşı, logistika, xidmət, istehsal və investisiya sahələrində də yeni perspektivlər yaradır. Eyni zamanda, Zəngəzur bağlantısının mümkün reallaşması və Azərbaycan–Ermənistan münasibətlərində sülh gündəliyinin irəliləməsi regionun nəqliyyat və iqtisadi xəritəsinə təsir edə biləcək mühüm amillər kimi diqqət çəkir.
Crossmedia.az olaraq bu məsələləri, Orta Dəhlizin iqtisadi potensialını, Zəngəzur bağlantısının mümkün nəticələrini və sülhün regional iqtisadi dividendlərini Cross Media Təhlil Mərkəzinin analitiki, iqtisad elmləri doktoru Aqil Əsədovla müzakirə etdik:
— Orta Dəhlizin son illərdə artan geoiqtisadi əhəmiyyətini necə qiymətləndirirsiniz? Çin–Mərkəzi Asiya–Azərbaycan–Gürcüstan–Türkiyə–Avropa xəttində Azərbaycanın mövqeyi ölkəyə hansı yeni iqtisadi imkanlar yaradır?
— Hazırda qlobal nəqliyyat-logistika sistemində xüsusi aktuallıq qazanan Orta Dəhliz sonradan Şərq–Qərb nəqliyyat layihəsi kimi tanınan Böyük İpək Yolunun əsas marşrutlarından biridir. Şərq–Qərb nəqliyyat dəhlizi (Qədim İpək Yolu) Çindən Avropaya və əks istiqamətdə yükdaşımaların həyata keçirilməsini təmin edən üç əsas xətt üzrə formalaşmışdır: şimal (yuxarı), cənub (aşağı) və orta (mərkəzi) marşrutlar. Bu marşrutlar arasında Orta Dəhliz coğrafi üstünlükləri və artan tranzit potensialı ilə xüsusi önəm daşıyır. Şərq–Qərb dəhlizinin Şimal marşrutu təqribən 10 min kilometr olmaqla, bir istiqamətdə daşınmanın orta hesabla 15–20 günə yerinə yetirilməsinə imkan verir. Dəhlizin Cənub və ya Okean marşrutunun uzunluğu 17 min kilometrə yaxındır və bu marşrutla daşınma prosesi 45–60 gün arasında tamamlanır. Şərq–Qərb layihəsinin aktual marşrutlarından olan Orta Dəhliz və ya Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi ilə Çindən Avropaya 12 gün ərzində 7 min kilometr məsafə qət etməklə daşımaları həyata keçirmək mümkündür.
Son dövrlər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (Orta Dəhliz kimi də tanınır) artan fəallıq nəqliyyat və logistika sektorunda güclü performansın əsasını təşkil edir. Çin və Aİ arasında ticarət üçün alternativ kanal kimi marşrutun artan əhəmiyyətini nəzərə alaraq, bu sektorda gələcək artım perspektivləri iqtisadiyyatın daha da şaxələndirilməsinə öz dəstəyini göstərəcəkdir. Öz növbəsində, daha böyük və şaxələndirilmiş nəqliyyat və logistika sektoru Azərbaycanın xarici və daxili şoklara qarşı dayanıqlığını artıracaq, investisiya və kredit profilini gücləndirməklə iqtisadiyyata daha çox müsbət təsir göstərəcəkdir. Onu da qeyd edək ki, Orta Dəhliz yalnız bir daşıma marşrutu deyil, həm də iqtisadiyyatın şaxələndirilməsinə, investisiya cəlbediciliyinə təkan verən bir lokomotivdir. Və ən əsası, Orta Dəhliz 1 trilyondan çox ÜDM-i olan türk dövlətlərini birləşdirən bir layihə olaraq, Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək, Çindən Avropaya 12 gün ərzində 10 min deyil, 7 min kilometr məsafə qət etməklə daşımaları həyata keçirməyə imkan verən bir dəyər zənciridir.
Konkret olaraq dəhlizin ölkəmiz üçün təsirlərinə gəldikdə isə, Azərbaycan Şimal–Cənub və Şərq–Qərb nəqliyyat layihələrinin hər ikisində aktiv iştirak etsə də, ölkəmizin qoşulduğu Şərq–Qərb dəhlizinin aktual marşrutlarından biri Orta Dəhliz hesab olunur. Regionda müşahidə edilən vəziyyət Orta Dəhlizin cəlbediciliyini daha da artırır. Daşınmaların zəruri şərti olan təhlükəsizlik məsələsi bu gün Xəzər dənizindən keçməklə Azərbaycan–Gürcüstan–Türkiyə–Avropa marşrutunda daha etibarlıdır. Başqa sözlə desək, Orta Dəhlizlə Xəzər dənizi vasitəsilə Azərbaycandan Avropaya çıxış istiqaməti daha təhlükəsiz və cəlbedicidir. Həm də Orta Dəhliz Şimal–Cənub dəhlizi və digər alternativlərdən qısa olduğu üçün daha az daşınma müddəti tələb edir. Dəhlizin proqnozlaşdırılan yükgötürmə qabiliyyəti ildə 25 milyon ton həcmində qiymətləndirilir ki, bu da Transxəzər marşrutu üzrə daşınmaların inkişafı üçün böyük perspektivlər vəd edir. Yalnız 2025-ci ildə Orta Dəhliz üzrə (Şərq–Qərb istiqamətində) tranzit daşımalar 10,6% artıb və 2025-ci ildə tranzit yüklərin 33,7%-i məhz Şərq–Qərb (Orta Dəhliz) istiqamətinin payına düşüb. Hesabat ili (2025-ci il) ərzində tranzit rejimdə konteyner daşımalarının sayı 70 441 TEU təşkil edib ki, bu da ötən ilin 55 671 TEU göstəricisindən 14 770 TEU və ya 26,5% çox deməkdir. Eyni zamanda, Orta Dəhlizlə göndərilən blok qatarların sayı 2025-ci ildə 392 ədəd təşkil etmişdir ki, bu da ötən ilin (358 blok qatar) göstəricisindən 34 ədəd və ya 9,5% çoxdur. Bütün bunlar, hesab edirəm ki, Orta Dəhlizin əhəmiyyətini ifadə edir.
— Orta Dəhlizin əsas iqtisadi gəlir mənbəyi yalnız tranzit haqları ilə məhdudlaşırmı? Yoxsa logistika mərkəzləri, anbarçılıq, sığorta, gömrük, xidmət və istehsal sahələrinin inkişafı daha böyük iqtisadi dividend yarada bilər?
— Ümumiyyətlə, nəqliyyat layihələri multiplikativ təsirə malikdir. Nəqliyyat-kommunikasiya sisteminin inkişafı bir sıra əlaqədar sahələrin, əhatə etdiyi regionların iqtisadi tərəqqisinə, iqtisadi aktivliyinə müsbət təsir göstərir. Ona görə də Orta Dəhlizin də fəaliyyətinin yaxşılaşması, daşımaların intensivləşməsi bir sıra müxtəlif sahələrin inkişafına öz töhfəsini verəcəkdir. Bəli, sizin də qeyd etdiyiniz kimi, logistik xidmətlər, anbarlaşdırma, qablaşdırma və emal, komplektləşdirmə və s. kimi xidmətlərin dəhliz boyunca inkişafı labüddür. Və təbii ki, yaranan iqtisadi aktivlik, həm də ictimai iaşə xidmətlərinin, turizmin, müxtəlif istehsal sahələrinin inkişafına da təkan verəcəkdir. Bu istehsal sahələri həm dəhliz boyunca yerli tələbatları ödəyəcək, həm də ixrac yönümlü sahələr ola bilər. Məhz bunları nəzərə alaraq, dəqiqliklə qiymətləndirərək dövlət başçısı da dəfələrlə öz çıxışlarında qeyd edib ki, biz dəhlizlərə yalnız daşıma marşrutu kimi deyil, həm də dəyər yaradan bir sahə kimi, regionu inkişaf etdirən mühüm komponent kimi yanaşmalıyıq.
— Zəngəzur dəhlizinin açılması Orta Dəhlizin imkanlarını konkret olaraq necə dəyişə bilər? Bu marşrut Azərbaycan üçün hansı əlavə logistika və ticarət üstünlüklərini yarada bilər?
— İlk növbədə, Zəngəzur dəhlizinin açılması Orta Dəhlizin Azərbaycan–Naxçıvan–Türkiyə bağlantısını gücləndirərək marşrutun multimodal və regional inteqrasiyasını genişləndirə bilər. Ölkəmiz üçün üstünlüklərinə gəldikdə isə nəqliyyat məsafəsi və tranzit vaxtının azalması, Azərbaycan ərazisindən keçən yük və tranzit həcmlərinin artması, Naxçıvanın regional logistika qovşağına çevrilməsi, Türkiyə və Avropa bazarlarına daha asan, birbaşa çıxışın yaranması, dəmir yolu və avtomobil daşımalarının multimodal inteqrasiyasının güclənməsi, Şərq–Qərb və Şimal–Cənub marşrutlarının kəsişməsində Azərbaycanın tranzit mövqeyinin möhkəmlənməsi və s. kimi xarakterizə oluna bilər. Konkret olaraq, Zəngəzur dəhlizi, ilkin hesablamalara görə, illik 12–15 milyon ton əlavə daşıma imkanları yaradacaqdır. Eyni zamanda, dəhlizin İran ərazisinə keçid və Fars körfəzinə çıxış imkanını yaratması da onun əhəmiyyətini və Orta Dəhlizin fəaliyyətinə müsbət təsir imkanlarını daha da yüksəldir. Bir sözlə, Zəngəzur dəhlizi Orta Dəhlizin yalnız tranzit marşrutu deyil, regional logistika və ticarət şəbəkəsi kimi də rolunu genişləndirə bilər. Əslində, Orta Dəhlizə veriləcək töhfələr elə Azərbaycan üçün də əlavə imkanların yaradılması deməkdir. Amma əvvəldə qeyd etdiyimiz kimi, ölkəmiz üçün ən vacib məqamlardan biri də Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan MR ilə əsas hissəsinin quru bağlantısının yaradılmasıdır. Bu isə Azərbaycandan keçən yüklərin Naxçıvan üzərindən qlobal məkana çıxışına imkan yaradacaqdır.
— Zəngəzur bağlantısının Ermənistan iqtisadiyyatına mümkün təsirlərini necə qiymətləndirirsiniz? Ermənistanın tranzit ölkəyə çevrilməsi, yeni investisiyaların cəlb edilməsi və regional bazarlara çıxışının genişlənməsi hansı nəticələrə gətirə bilər?
— Əvvəldə də qeyd etdik, nəqliyyat layihələri multiplikativ təsirə malikdir. Zəngəzur bağlantısının reallaşması Ermənistan iqtisadiyyatına bir sıra mümkün təsirlər yarada bilər. İlk növbədə, xaricə yalnız bir çıxış yolu olan Ermənistan daha asan şəkildə qlobal məkana inteqrasiya edə biləcək. Digər tərəfdən, yükdaşımalarından, gömrük və logistika xidmətlərindən əlavə gəlirlər yarana bilər ki, bu da Ermənistan büdcəsi üçün az əhəmiyyət kəsb etmir. Eyni zamanda, dəmir yolu, avtomobil yolları, logistika terminalları və sərhəd-keçid məntəqələrinə investisiya imkanları genişlənə bilər, Ermənistan regional tranzit və logistika zəncirinə daha çox inteqrasiya oluna bilər, Azərbaycan, Türkiyə və digər regional bazarlarla nəqliyyat əlaqələrinin yaxşılaşması ticarət xərclərinə təsir göstərə bilər, bağlantının hansı hüquqi və praktiki modeldə qurulmasından asılı olaraq Ermənistanın regional nəqliyyat şəbəkələrində iştirakı arta bilər və s. Ən əsası isə Ermənistanın sözdən əmələ keçərək, danışıqların şərtlərinə zamanında əməl etməsi regionda sülhün daha tez və etibarlı olmasına təkan verər. Sülh və sabitlik isə investisiya cəlbediciliyi üçün zəruri şərtdir. Bütün bunlar Zəngəzur dəhlizinin Ermənistan iqtisadiyyatı üçün vəd etdiyi perspektivlərin bir qismidir, real təsirlərin miqyası daha genişdir.
— Azərbaycan–Ermənistan arasında sülh və nəqliyyat kommunikasiyalarının açılması regionun investisiya mühitinə necə təsir göstərə bilər? Siyasi risklərin azalması xarici investorların qərarlarına hansı formada yansıya bilər?
— Təbii ki, qeyd olunduğu kimi, sülh və sabitlik investisiya cəlbediciliyi, biznesmenlərin, iş adamlarının daha uzunmüddətli strateji iqtisadi qərarlar qəbul etməsi üçün zəruri şərtdir. Ona görə də sülhün bərqərar olunması investisiyaların regiona doğru hərəkətinə şərait yaradacaq. Azərbaycanın işğaldan azad edilmiş əraziləri, bütünlüklə erməni vandalizminə məruz qalsa da, ümumilikdə uzunmüddətli zəngin inkişaf potensialına malikdir. Bu ərazilər yaşıl enerji zonası elan edilib və s. Bütün bunlar investisiyaların cəlb edilməsi üçün yaxşı göstəricilərdir. Əslində, Azərbaycanın bu istiqamətdə uğurları göz qabağındadır. Yaşıl enerji sahəsinə, müxtəlif sənaye parklarına və s. cəlb edilən xarici investisiyalar, tanınmış iş adamları bunun bariz nümunəsidir.
— Azərbaycan və Ermənistan arasında sərhədlərin və kommunikasiya xətlərinin açılması ikitərəfli ticarətin perspektivini necə dəyişə bilər? Hansı məhsul və xidmət sahələrində əməkdaşlıq üçün daha böyük potensial görürsünüz?
— İlk növbədə onu qeyd edək ki, Azərbaycan bütün dövrlərdə sülhpərvər siyasət yürüdüb və tranzit yükün ölkəmizdən Ermənistana buraxılması da bunu bir daha sübut edir.
Azərbaycan dövləti sülh daşıyıcısı, beynəlxalq hüquqa hörmətlə yanaşan bütün dövlətlərlə rəqabət deyil, əməkdaşlıq etməyə üstünlük verən dünyəvi bir dövlətdir. Bunu biz demirik, bunu dünyanın aparıcı dövlətlərinin rəhbərləri, tanınmış dünya siyasətçiləri dəfələrlə nüfuzlu tribunalardan bildiriblər.
Yüklərin Ermənistana tranzit keçidinə məhdudiyyətlərin aradan qaldırılması bir daha sübut edir ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanan Birgə Bəyannamə Cənubi Qafqazda 30 ilə yaxın davam edən münaqişəni tarixin arxivinə göndərən və təkrarlanmamasına zəmanət verən mühüm siyasi-strateji və sosial-iqtisadi əhəmiyyətə malikdir.
Məhz dövlət başçısının düzgün siyasətinin, Vaşinqtonda əldə olunan razılaşmaların nəticəsidir ki, hələ rəsmi sülh imzalanmamış Azərbaycan ərazisindən Ermənistana tranzit keçidə şərait yaradılır. Bu, sülhün ilkin iqtisadi dividendidir ki, bunu da ilk olaraq Ermənistan gördü, ilk addımı isə biz atdıq. Ermənistan özünün işğalçılıq siyasəti nəticəsində bütün beynəlxalq layihələrdən kənarda qalmışdı. Bu gün isə artıq daha rahat və səmərəli şəkildə yük qəbul edə bilirlər. Əlbəttə, bu, Azərbaycan xalqının böyüklüyünün, Azərbaycanın dövlət başçısının sülhə çağırışlarının reallığının bariz nümunəsidir. Hər zaman olduğu kimi, yenə də Azərbaycan ilk olaraq məhdudiyyətləri aradan qaldırır, Ermənistana inkişaf üçün, daha yaxşı yaşamaq üçün ölkəmizin infrastrukturlarından istifadə şəraiti yaradır.
Konkret məhsullara gəldikdə, Azərbaycan 2025-ci ilin dekabrından etibarən Ermənistana dəmir yolu vasitəsilə benzin və dizel yanacağının ixracına başlayıb. 2026-cı ilin yanvar–avqust aylarında Azərbaycandan Ermənistana ümumilikdə 17,6 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bunun da əhəmiyyətli hissəsini yanacaq resursları təşkil edir. Ermənistan isə gələcəkdə kənd təsərrüfatı məhsullarını, bəzi aralıq sənaye məhsullarını ixrac edə bilər.
— Nəhayət, sülhün iqtisadi dividendinin real və uzunmüddətli nəticəyə çevrilməsi üçün Azərbaycan, Ermənistan və digər regional ölkələr hansı iqtisadi və institusional addımları atmalıdır? Sadəcə yolların və dəmir yollarının açılması kifayətdirmi, yoxsa gömrük, sərhəd prosedurları, tariflər, investisiya mühiti və biznes qaydalarının uyğunlaşdırılması da vacibdir?
— Sülhün iqtisadi dividendinin birdəfəlik tranzit gəliri deyil, uzunmüddətli regional inkişaf modelinə çevrilməsi üçün əsas məsələ sərhədlərin açılmasından daha çox, həmin açılışın institusional və iqtisadi sistemlərlə dəstəklənməsidir. Dünya Bankının son qiymətləndirmələri də Cənubi Qafqazda sülh və normallaşmanın regional inteqrasiyanı gücləndirə biləcəyini göstərir. Azərbaycan, Ermənistan və Gürcüstanın, lazım gəldikdə isə Türkiyə və digər tərəfdaşların da iştirakı ilə regional nəqliyyat koordinasiya mexanizmi, tranzit və logistika üzrə məlumat mübadiləsi sistemi, sərhəd-keçid problemlərinin həlli mexanizmi, investisiya və biznes dialoqu platforması və s. yaradıla bilər. Bu, təbii ki, zaman tələb edən məsələlərdir. Hələ də Ermənistanda revanşist çağırışların olması onu göstərir ki, erməni cəmiyyəti “özbaşına” deyil və bəzi kənar qüvvələr Qafqazda sülhün olmasını arzu etmirlər. Əslində, Ermənistan Baş nazirinin müxtəlif tədbirlərdə çıxışlarından belə ehtimal etmək olur ki, Ermənistan dövləti də sülhün, regional inteqrasiya proseslərinin əhəmiyyətini, zəruriliyini qəbul edir. Ermənistan tərəfi də müasir dünyada nəqliyyat-kommunikasiya çıxışlarına asan çıxışın əsas üstünlüklərdən biri olduğunu anlayır. Lakin real əməldə Ermənistan tərəfi bunu o qədər də büruzə verə bilmir, bəzi fikir və yanaşmalar elə söz olaraq qalır. Bununla belə, “Dəmir yumruq” yerindədir və revanşistlər bunu unutmamalıdır. Daimi müharibə yoxdur və bütün müharibələr sonda sülhlə bitir. Ermənistanın da qlobal çağırışlarla ayaqlaşması, imza etdiyi sənədlərdəki imzasına hörmətlə yanaşması, əməl etməsi qaçılmazdır. Bu mənada, regionda sülhün bərqərar olması qaçılmazdır və bunun regionda əsas təminatçısı Azərbaycandır.
Sonda fikirlərimi Azərbaycan Prezidentinin 10 may 2026-cı il tarixində Zəngilandan dünyaya səsləndirdiyi bir mesajla tamamlamaq istərdim: “Azərbaycan regionda sülhün, sabitliyin və inkişafın əsas təminatçısıdır. Artıq Cənubi Qafqazda yeni reallıqlar formalaşıb və bu reallıqlar Azərbaycanın yaratdığı siyasi, hərbi və diplomatik üstünlük üzərində qurulub”.
Müşahidəçi
18:12 02.10.2026
Oxunuş sayı: 56
İqtisadiyyat masası
Rubrika Crossmedia.az Analitik İnformasiya Portalının "Yaradıcı layihələr" departamentinə daxildir.