Süni intellekt döyüş meydanına girdi: Müharibələrin gələcəyi dəyişir
Müasir müharibələrdə texnologiyanın rolu sürətlə artır və döyüş imkanları getdikcə daha çox rəqəmsal sistemlərdən asılı vəziyyətə gəlir. Süni intellekt, pilotsuz uçuş aparatları, avtomatlaşdırılmış idarəetmə və digər yeni nəsil texnologiyaların hərbi sahədə tətbiqi müdafiə imkanlarını genişləndirməklə yanaşı, yeni təhlükəsizlik riskləri də yaradır. Bu şəraitdə hərbi sistemlərin kiberhücumlardan qorunması, məlumatların təhlükəsizliyinin təmin edilməsi və rəqəmsal infrastrukturun dayanıqlığının qorunması milli təhlükəsizlik məsələlərinin mühüm istiqamətlərindən birinə çevrilir.
Crossmedia.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov müasir müharibələrdə süni intellektdən istifadənin artıq geniş yayıldığını və gələcəkdə bu texnologiyanın hərbi sahədə rolunun daha da artacağını bildirib:

“Müharibələrdə süni intellekt artıq qaçılmazdır və istifadə olunur. Hazırda Rusiya-Ukrayna müharibəsində, o cümlədən Amerika, İsrail, İran toqquşmasında süni intellektin imkanlarından istifadə olunub. Əlbəttə ki, süni intellekt artıq həyatın ayrılmaz tərkib hissəsinə çevrilib. Hətta baxın, Amerika prezidenti süni intellektin adını dəyişib “super intellekt” təklif etmək istəyir. Aydın məsələdir, Amerika prezidenti burada da özünün, necə deyərlər, öncül olmasını vurğulamaq istəyir. Amma əslinə qalsa, süni intellekt bu gün müharibədə geniş istifadə olunur və Rusiya-Ukrayna müharibəsində biz bunu daha çox görürük”.
Hərbi ekspert süni intellektin hərbi sahədə genişlənməsinin yeni qaydaların və yanaşmaların formalaşmasını zəruri etdiyini qeyd edib: “Əlbəttə ki, bunlar yeni qaydalar tətbiq etməyə məcbur edir və bu qaçılmazdır. Ona görə də süni intellektin hələ genişlənməsi gözləniləndir və o, sürətlə yayılmaqda davam edəcək. Süni intellekt tətbiq olunduqca yeni ideyalar, yeni yanaşmalar tətbiq olunur, yəni dünyada hərb sahəsində. Ona görə də mən müharibələrdə süni intellektin bundan sonra daha çox gündəlik həyata, komandirlərin, şəxsi heyətin həyatına daha çox nüfuz edəcəyi qənaətindəyəm və biz bunu geniş şəkildə yaxın aylarda daha çox müşahidə edəcəyik”.
Üzeyir Cəfərov müasir silah sistemlərində süni intellektdən istifadənin artıq adi hala çevrildiyini vurğulayıb: “Ona görə də mən müasir silahlarda süni intellektin tətbiq edilməsini normal sayıram və bu artıq adi qaydaya çevrilir. Yəni biz bu gün əgər şəhərlər, səhər yeməyi yeyiriksə və yaxud da gün ərzində müəyyən funksiyaları yerinə yetiririksə, süni intellekt də artıq həyatımıza bu şəkildə daxil olub və müasir silahları ümumiyyətlə süni intellektsiz təsəvvür etmək çətindir”.
Ekspert hesab edir ki, süni intellektin hərbi və ümumilikdə gündəlik həyatda tətbiqi bundan sonra da genişlənəcək: “Mən süni intellektin hələ bundan sonra daha geniş yayılacağı qənaətindəyəm və süni intellektin daha çox həyatımızda olacağı qaçılmazdır”.
Nigar Xəlilli
18:45 02.10.2026
Oxunuş sayı: 46