Zahid Oruc: Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, Qarabağda separatizm meyllərinin yer almasına imkan verməzdi
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı zamanı Heydər Əliyevin 1990-cı illərin əvvəllərində Azərbaycanda hakimiyyətdə olması halında Qarabağda separatizm meyllərinin qarşısının alına biləcəyini bildirib. Dövlət başçısı qeyd edib ki, Heydər Əliyev həmin dövrdə Azərbaycanda olsaydı, Azərbaycan xalqının başına gələn hadisələrə və Qarabağda separatizm meyllərinin yer almasına imkan verməzdi. Bu fikirlər Heydər Əliyevin həm Sovet dövründə Qarabağ məsələsinə münasibətini, həm də müstəqilliyin ilk illərində Azərbaycanda baş verən proseslərdə onun mümkün rolunu yenidən gündəmə gətirir. Xüsusilə 1980-ci illərin sonlarında Qarabağ ətrafında başlayan separatizm meylləri, 1990-cı illərin əvvəllərində Azərbaycanın üzləşdiyi siyasi və hərbi böhran və Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonrakı proseslər bu baxımdan diqqət çəkən məqamlar sırasındadır.
Mövzu ilə bağlı Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Crossmedia.az-a açıqlamasında bildirib ki, sual “Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, Qarabağda separatizm meyllərinin yer almasına imkan verməzdi” formasında qoyulursa, öncə həmin dövrün siyasi mənzərəsinə nəzər salmaq lazımdır:
"Heydər Əliyev 1969-cu ildə Azərbaycanda Sovet dövründə ilk dəfə hakimiyyətə gəldikdə, respublikanın bir imperiyanın tərkibində olmasına rəğmən, ona qədərki dövrün keçdiyi yoluna güclü bir şəxsiyyət kimi baxışı formalaşmışdı. İlk növbədə, Sovetlər Birliyinin qurulmasından sonra Nəriman Nərimanov, daha sonra bir neçə qeyri-azərbaycanlı şəxsin respublikamıza rəhbərliyi, Mir Cəfər Bağırov dövrü, nəhayət, İmam Mustafayev və ondan sonrakı rəhbərlərin fəaliyyəti Heydər Əliyevin mühüm bir zamanda hakimiyyətin birinciliyinə gəlməsi qarşısında çox mühüm perspektivlər açırdı. Digər tərəfdən isə o, fərqli bir ideoloji sistemdə olmağın məhdudiyyətlərini və tələblərini də peşəkarlıqla bilirdi. Çünki məhz Dövlət Təhlükəsizliyi orqanlarından keçərək idarəçiliyə gəlmişdi. Hələ 1940–1950-ci illərdə, İkinci Dünya müharibəsi dövründə Heydər Əliyev Sovetlər Birliyinin regional və beynəlxalq siyasətə baxışlarını və bu maraqların həyata keçirilməsinin üsul və vasitələrini əyani şəkildə görmüşdü. Bu, öz-özlüyündə həm də o demək idi ki, Heydər Əliyev peşəkarlıqla istənilən məlumatları əldə etmək və buna uyğun olaraq qərarların formalaşdırılması imkanına malik idi. Təsadüfi deyil ki, o, məhz məxfi qovluqlar vasitəsilə Azərbaycanın istər Cümhuriyyət, istərsə də ondan sonrakı illərinin proseslərinə çox dərindən bələd idi. O, çox yaxşı bilirdi ki, erməni məsələsi bizim torpaqlara necə gətirilib — həm Osmanlı dövründə, həm də ondan əvvəl Rusiya-İran müharibələri fonunda. Məhz o səbəbdən də Heydər Əliyevin bütün addımları elə bir siyasətə və hədəflərə xidmət edirdi ki, burada ilk növbədə xalqımızın oyanışı, mədəni inkişafı, iqtisadi yüksəlişi, Moskvadan daha çox büdcə vəsaitlərinin alınaraq xalqımızın həyatına yönəldilməsi və digər ideallar dayanırdı".
Deputat qeyd edib ki, erməni məsələsi 1970-ci illərdə də, hələ Boris Kevorkovun həmin əraziyə rəhbərlik etdiyi dövrdə meydana çıxmışdı:
"Təsadüfi deyil ki, Heydər Əliyevin əleyhinə çalışan qüvvələr Kremlin ətrafında güclü bir cəbhə qurmuşdular. O səngərdən atəş açırdılar və bunu qətiyyən gizlətmirdilər. Əgər siz indi Rusiyaya Sovet dövrünün arxivlərinə bir tədqiqatçı kimi gedib onların üzərində çalışsanız, görəcəksiniz ki, İqor Muradyan 1988-ci ildə Qarabağ Xalq Komitəsinin və onun üzərindən Moskvaya gedən, Sovetlər Birliyinin rəhbərliyində Abel Aqanbekyan və Şahnazarovlar vasitəsilə məhz Heydər Əliyevə hücumlar təşkil edirdilər. İlk və əsas qalanı fəth etsələr, sonrakı dövrdə Azərbaycanı məhv etmək imkanları, şübhəsiz ki, asanlaşacaqdı. Təəssüflər olsun ki, həmin dövrdə bir sıra vətəndaşlarımız da həmin kampaniyaya qoşularaq Heydər Əliyev əleyhinə müxtəlif müraciətlərə və məktublara yer verirdilər. Təsadüfi deyil ki, Qorbaçov çıxışlarında da söyləyirdi ki, o, çoxlu məktublar alır. Təbii ki, bunlar mühüm bir səs təşkil edirdi. Lakin digər tərəfdən, Heydər Əliyev dəfələrlə müstəqillik dövründəki çıxışlarında həmin illərə qayıdaraq Sovet zamanında, Kremldə dəfələrlə erməni məsələsinin müzakirəsinə necə təsir göstərdiyini, amma ondan öncə məhz Qarabağda baş qaldıran separatizm cəhdlərinə zərbə vurduğunu bəyan edirdi. Bununla bağlı sənədli və ensiklopedik tarix bu gün qorunub saxlanılır. Kommunist Partiyasının Büro iclaslarının, ideoloji sahə ilə bağlı keçirilən müşavirələrin, görüşlərin, o cümlədən Dövlət Təhlükəsizliyi orqanlarının təmsilçiləri ilə aparılan hər bir təlimatın, işin əsasında Heydər Əliyevin həmin dövrdə o proseslərə dair verdiyi qərarlar dayanır. Məsələn, azərbaycanlı şəxslərin öz maşınında yandırılması hadisəsi ilə bağlı Heydər Əliyevin ayrıca sərt tapşırıqları və göstərişləri olmuşdu. O millətçi-şovinist qüvvələr 1970-ci illərdə də baş qaldırmışdılar. Çoxlu yazıçıları, ədəbiyyat adamlarını, şairləri həmin əraziyə gətirərək soyqırımı aksiyaları, ildönümləri, o cümlədən Qarabağın Ermənistana birləşdirilməsinə dair müraciətləri həmin illərdə də təşkil edirdilər. Heydər Əliyev çox yaxşı bilirdi ki, hansı tələblərlə onun qarşısına çıxacaqlar. O, Partiya Məktəbində çox güclü, peşəkar ideoloqları, siyasətçiləri və tarixçiləri formalaşdırmışdı ki, onlar vasitəsilə müraciətlərə, Kremlin birbaşa cavablarına əsaslı və dəlilli cavablar versinlər. Ermənilər həmin məsələləri qaldıran kimi Zəngəzur və Göyçə tələblərini də Heydər Əliyevin rəhbərliyi ilə Moskvaya göndərilən məktublar vasitəsilə irəli sürürdülər. Bunun nəticəsində Kremldə əleyhimizə olan qərarların qarşısı alınırdı. Tamamilə gerçəkdir ki, hətta 1990-cı illərdə Heydər Əliyev Kremldən birbaşa Naxçıvana yox, Bakıya — Azərbaycan rəhbərliyinə gəlsəydi və 20 Yanvardan sonra bunlar gerçəkləşsəydi, sonrakı proseslər — ərazi işğalları, humanitar fəlakətlər və s. baş verməyəcəkdi. Həm də ona görə ki, Heydər Əliyev Ermənistanın idarəçiliyinin hansı mənbələrə söykəndiyini, Kremldəki şovinist, hegemon dairələri və onların planlarını çox yaxşı bilirdi. Faktiki olaraq hər birinin qarşısını almaq şansı var idi. Bunlardan ötəri üç il çox vacib olan il idi və onun səbəbindən ərazilər işğala məruz qaldılar. Onlar olmayacaqdı. Elə hesab edirik ki, Azərbaycanın faktiki olaraq qurtuluşu və xilası məhz buna görə 1993-cü ilin iyunundan qəbul edilir. Heydər Əliyev özünün modelini və sistemini dövlət idarəçiliyinə gətirəndən sonra ölkənin gələcək həyatı üçün haqqında danışılanlar formalaşdı. Digər tərəfdən, artıq atəşkəs vasitəsilə biz ilk növbədə həmin məğlubiyyət silsiləsinin dayandırılması imkanını qazandıq. Ölkəmizin neft müqaviləsindən sonra xarici iqtisadi, siyasi və diplomatik əlaqələrinin qurulması fonunda gələcək qələbənin əsası qoyuldu. Şübhəsiz, sual verirsiniz ki, Heydər Əliyev irsi ondan sonrakı istənilən lider üçün ən böyük idarəçilik fəlsəfəsi mənbəyi və güclü mənada məktəbi kimi çıxış edirdi. Çünki bütün sahələrə bağlı strateji baxışlar, qərarlar və əlaqələr formalaşmışdı. Məhz 2003-cü ildən sonra neftdən əldə olunan vəsaitlər ordu quruculuğuna, iqtisadiyyatın dağılan digər hissələrinin bərpasına, həmçinin məcburi köçkünlərin müxtəlif qəsəbə və ərazilərdə yerləşmək imkanlarının yaradılmasına yönəldildi. Ondan sonra Azərbaycanın beynəlxalq əlaqələri daha da gücləndi. Tam əminliklə deyə bilərik ki, əslində Zəfərə gələn yol Ulu Öndərdən başladı. O üzdən Əsrin Neft Müqaviləsindən Əsrin növbəti Qələbəsinə biz gələ bildik. Tam inamla deyə bilərik ki, Heydər Əliyevin qələbəmizə müəllifliyi ilə bərabər, İlham Əliyevin siyasi varisliyi elə bir fəaliyyətlə quruldu ki, bu, yalnız həmin dövrün, yəni atadan qəbul etdiyi hakimiyyəti statik bir vəziyyətdə saxlamaqla kifayətlənmədi, onu güclü şəkildə inkişaf etdirərək XXI əsrin sərt tələblərinə və çağırışlarına uyğun şəkildə gücləndirdi, irəliyə apardı. Azərbaycanın beynəlxalq geostatusu qələbəmizdən sonra daha da gücləndi. Ona görə də tam qətiyyətlə və inamla söyləyə bilərik ki, biz məhz həmin siyasətin üzərində gələcək dövrdə — o ideallarla qələbəmizi daha da möhkəmləndirmək, Zəfərimizin coğrafiyasını genişləndirmək və Qalib Yüzilliyi başlatmaq imkanındayıq. Ona görə də separatizmin indi artıq bütün o dayaqları sarsılıb. Azərbaycanın taleyinin İrəvanda və yaxud başqa paytaxtlarda həll olunması erası, yüzillikləri arxada qalıb, əsri arxada qalıb. İndi yeni bir əsr, yeni bir dövr başlanıb. Ona görə də bu ideoloji-siyasi yeni mərhələnin mühüm əsasları da yenə Heydər Əliyevin idealları üzərində qurulur. Çünki o, qalibiyyət ideallarıdır və bizi gələcəkdə də məhz belə bir Zəfər yolu ilə aparacaqdır".
Zeynəb Həsən
19:30 02.10.2026
Oxunuş sayı: 48