Dünyada orta ömür 73,3 ilə yüksəldi
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni məlumatlarına görə, qlobal orta ömür uzunluğu pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşıb, lakin insanların sağlam yaşadığı illərin göstəricisi daha yavaş bərpa olunur.
Crossmedia.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı bu barədə yeni qlobal sağlamlıq qiymətləndirməsində məlumat yayıb.
Məlumata görə, 2023-cü ildə dünyada orta ömür uzunluğu 73,3 il təşkil edib. Bu göstərici 2019-cu ildə qeydə alınan 73,4 ilə çox yaxındır. Eyni zamanda, sağlam ömür uzunluğu 2023-cü ildə 62,8 ilə çatıb və 2019-cu il səviyyəsindən 0,4 il aşağı qalıb.
ÜST-nin məlumatında bildirilir ki, 2019-2023-cü illər ərzində depressiya ilə əlaqədar itirilən sağlam həyat illərinin sayı 20 faiz, təşviş pozuntuları ilə bağlı itkilər isə təxminən 45 faiz artıb. 2023-cü ildə yalnız depressiya və təşviş pozuntuları birlikdə 110 milyon sağlam həyat ilinin itirilməsinə səbəb olub.
Qeyri-infeksion xəstəliklərin qlobal ölüm hallarındakı payı da artıb. ÜST-nin 2023-cü il üzrə məlumatlarına əsasən, bu xəstəliklər bütün ölümlərin 74 faizini təşkil edib.
Demensiya da ölüm səbəbləri arasında daha yüksək mövqeyə yüksəlib. ÜST-nin məlumatına görə, demensiya 2000-ci ildə 19-cu əsas ölüm səbəbi olduğu halda, 2023-cü ildə beşinci sıraya çıxıb və bu xəstəlikdən ölüm halları üç dəfəyə yaxın artıb.
19:54 02.10.2026
Oxunuş sayı: 39