Məsciddən oğurluq edən şəxslər bunu bilsə idi...
Məscidlərdə baş verən oğurluq hadisələri Azərbaycanda ayrı-ayrı illərdə təkrarlanıb. Nəzir qutularının sındırılaraq pulların götürülməsi, ibadət edən şəxslərin telefon və pullarının oğurlanması, hətta məscidlərdən xalça və müxtəlif avadanlıqların aparılması ilə bağlı faktlar qeydə alınıb. Hadisələrin müxtəlif illərdə Bakı, Sumqayıt, Quba, Masallı və digər ərazilərdə baş verməsi problemin yalnız bir məkan və ya oğurluq növü ilə məhdudlaşmadığını göstərir.
Məsələn, 2023-cü ildə Bakının Yasamal rayonunda məscidlərdən birində müxtəlif vaxtlarda ianə qutularının oğurlanması ilə bağlı araşdırma aparılıb və saxlanılan şəxsin götürdüyü qutularda ümumilikdə 13 min manatdan artıq pul olduğu müəyyənləşdirilib. Bundan əvvəl, 2018-ci ildə Bakı və Sumqayıtda məscidlərin nəzir qutularından pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Məscidlərdə şəxsi əşyaların oğurlanması ilə bağlı da faktlar var: 2014-cü ildə Suraxanıda iki şəxsin mobil telefonu, 2016-cı ildə isə Xırdalanda məsciddə ibadət edən şəxsin cibindən 3 500 manat oğurlanıb. Sonrakı illərdə Qubada məsciddən xalçaların, Masallının Boradigah qəsəbəsində isə elektron saat, mikrofon, fləşkart, plafon və açar dəstinin götürülməsi barədə məlumatlar yayılıb.
Mövzu ilə bağlı ilahiyyatçı Ağa Hacıbəyli Crossmedia.az-a açıqlamasında bildirib ki, İslam dinində oğurluq böyük günahlardan biri sayılır və insan haqqına girmək dini baxımdan ciddi məsuliyyət yaradır. Onun sözlərinə görə, Azərbaycan şəriət hökmləri ilə idarə olunan dövlət olmadığı üçün məsələnin hüquqi tərəfi deyil, mənəvi aspekti xüsusi diqqət tələb edir. Məsciddə oğurluq edilməsini isə daha ağır hal kimi qiymətləndirən ilahiyyatçı bildirib ki, burada həm insan haqqı, həm də məscidin müqəddəsliyi ilə bağlı mənəvi məsuliyyət məsələsi ortaya çıxır. O qeyd edib ki, məsciddən oğurluq edən şəxs həm insanların, həm də məzlum vəziyyətdə olan şəxslərin haqqına girir və bu səbəbdən belə hadisələrin ictimaiyyətə çatdırılması vacibdir.

İlahiyyatçı qeyd edib ki, məscidlərdəki nəzir qutularından oğurluq məsələnin başqa bir ciddi tərəfidir. Onun sözlərinə görə, bu qutularda toplanan ianə və sədəqələr əsasən ehtiyacı olan insanların, yetimlərin və miskinlərin ehtiyaclarının qarşılanmasına yönəlir. Buna görə də nəzir qutusundan pul götürmək yalnız həmin vəsaiti mənimsəmək deyil, həm də yardım gözləyən insanların haqqına girmək deməkdir. Ağa Hacıbəyli insanların bir-birinə yardım etməsinin vacibliyini vurğulayaraq məscidlərdə sədəqə qutularının qarət edilməsinin, eləcə də ibadət edən şəxslərin telefon, ayaqqabı və digər əşyalarının oğurlanmasının ciddi mənəvi məsuliyyət yaratdığını bildirib.
Zeynəb Həsən
18:15 02.10.2026
Oxunuş sayı: 41