CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: UKRAYNA

13:15 29.09.2026

Moskva və Kiyev hansı məsələlərdə razılaşa bilər?

34

Rusiya-Ukrayna müharibəsində yaxın perspektivdə daimi atəşkəsin əldə olunması çətin görünsə də, tərəflər arasında bəzi sahələr üzrə müvəqqəti və qismən razılaşmaların mümkünlüyü istisna edilmir. Crossmedia.az xəbər verir ki, bu barədə ODTÜ Uluslararası İlişkiler Bölümünün müəllimi, professor Oktay F. Tanrısever Anadolu Agentliyi üçün qələmə aldığı analizdə bildirib. Onun sözlərinə görə, ABŞ nümayəndələrinin Moskva və Kiyevə səfərləri, eləcə də Türkiyənin vasitəçilik təşəbbüslərinin davam etməsi tərəflər arasında dialoq kanallarının hələ də açıq olduğunu göstərir. Ekspert hesab edir ki, Rusiya və Ukrayna arasında ilk növbədə həlak olanların, yaralıların və hərbi əsirlərin qarşılıqlı dəyişdirilməsi məsələsi müzakirə edilə bilər. Digər mümkün mövzulardan biri enerji obyektlərinə və kritik infrastruktura hücumların məhdudlaşdırılmasıdır. Xüsusilə Zaporojye Atom Elektrik Stansiyasının təhlükəsizliyinin təmin olunması və enerji bazarlarında sabitliyin qorunması beynəlxalq ictimaiyyət üçün mühüm məsələlərdən biri olaraq qalır. Qara dənizdə gəmiçilik və dəniz təhlükəsizliyinin təmin edilməsi də mümkün danışıqlar mövzuları sırasında göstərilir. Bildirilir ki, ticarət gəmilərinə hücumların dayandırılması həm Rusiya, həm Ukrayna, həm də region ölkələrinin maraqlarına uyğundur. Bu istiqamətdə Türkiyənin, xüsusilə Montrö Konvensiyasının tətbiqinə cavabdeh ölkə kimi, mümkün danışıqlarda mühüm rol oynaya biləcəyi qeyd olunur. Bundan başqa, Rusiya və Ukrayna arasında taxıl və gübrə ixracının asanlaşdırılması ilə bağlı yeni razılaşmaların da gündəmə gəlməsi mümkündür. Belə bir razılaşmanın qlobal ərzaq qiymətlərinə və xüsusilə Afrika ölkələrində ərzaq təhlükəsizliyinə müsbət təsir göstərə biləcəyi vurğulanır. Bununla yanaşı, tərəflərin danışıqlar masasına oturmasını çətinləşdirən bir sıra amillər də mövcuddur. Bunlara hər iki ölkədə ictimai rəyin müharibə şəraitinə uyğunlaşması, cəbhədəki hərbi vəziyyət, Avropa ölkələri arasındakı siyasi mövqelər və tərəflərin mövcud hərbi strategiyalarına güvənməsi daxildir. Ekspertin qənaətinə görə, yaxın gələcəkdə hərtərəfli və daimi atəşkəs çətin görünsə də, əsir mübadiləsi, enerji infrastrukturu, taxıl ticarəti və Qara dənizdə təhlükəsizlik kimi sahələrdə qismən razılaşmaların əldə edilməsi tamamilə mümkünsüz deyil.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR