Ukrayna: İran raket zərbəsi hazırlaya bilər
Ukrayna KİV-ləri və monitorinq resursları İranın Ukrayna ərazisinə ballistik raket buraxılışını nəzərdən keçirdiyini iddia edir.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.
Məlumata görə, söhbət üç ədəd “Xürrəmşəhr” ballistik raketindən gedə bilər. Bildirilir ki, bu raketlərin uçuş məsafəsi Ukraynanın qərb bölgələrindəki hədəfləri vurmağa imkan verir. Bəzi mənbələr mümkün zərbənin yaxın iki gün ərzində həyata keçirilə biləcəyini yazır.
Ukrayna Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko isə bildirib ki, bu məlumatın rəsmi təsdiqi yoxdur.
Kiyev-Tehran münasibətləri İranın Xəzər dənizindəki ticarət gəmisinə hücum edildiyi barədə xəbərlərdən sonra gərginləşib. İddialara görə, hadisə nəticəsində bir ekipaj üzvü ölüb, daha biri yaralanıb.
İranın xarici işlər naziri Abbas Əraqçi bundan sonra bildirib ki, Kiyevin addımları cavabsız qalmayacaq və Ukrayna hakimiyyətini “Qərbin dilənçiləri” adlandırıb.
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa isə cavab olaraq Tehranın Rusiyaya dəstək verdiyini bildirib və İranın təhdidlərini BMT Nizamnaməsinə istinad etməklə əsaslandıra bilməyəcəyini qeyd edib.
17:28 28.07.2026
Oxunuş sayı: 43