09:29 03.10.2026
Güclü yağışlar İspaniyada ölümlə nəticələndi
40
İspaniyanın şərqində iki gündür davam edən güclü yağışlar can və mal itkisinə səbəb olub.
Crossmedia.az xəbər verir ki, Valensiya, Kataloniya və Kastiliya-La-Mança bölgələrində yağıntının miqdarı bəzi ərazilərdə hər kvadratmetrə 200 kiloqrama çatıb.
Təbii fəlakətdən ən çox Albasete vilayətinin Madrigeras yaşayış məntəqəsi zərər çəkib. Yerli hakimiyyət və jandarma qurumlarının məlumatına görə, evi təxminən 1 metrədək su altında qalan 102 yaşlı qadın həyatını itirib.
Bildirilib ki, bölgədə köməksiz vəziyyətdə qalan 90 nəfər xilas edilib.
Güclü yağışlar təhsil prosesinə də təsir göstərib. Valensiya bölgəsində dərslər dayandırıldığı üçün 400 mindən çox şagird məktəbə gedə bilməyib.
Yağıntılar nəqliyyatda da problemlər yaradıb. Bəzi avtomobil yolları bağlanıb, qatarların hərəkətində isə gecikmələr qeydə alınıb.