İran Amerika əsgərlərini öldürənlərə mükafat vəd edir
İran ordusu ABŞ hərbçilərinin öldürülməsi və ya əsir götürülərək təhvil verilməsi müqabilində 30 min dollar məbləğində mükafat veriləcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, İranın dövlət televiziyası “IRIB” bu barədə məlumat yayıb.
İran Ordusunun baş komandanı, general-mayor Əmir Hatəminin sözlərinə görə, ABŞ hərbçisini öldürən və ya əsir götürərək İran tərəfinə təhvil verən şəxslərə 30 min dollar və ya 5 milyard tümən ödəniləcək. Qadınların bu əməli həyata keçirməsi halında mükafatın ikiqat olacağı bildirilib.
Hatəmi həmçinin ABŞ hərbçisinin öldürülməsi üçün istifadə olunan silahların bazar qiymətindən iki dəfə baha alınacağını və həmin şəxslərə yeni silah veriləcəyini bildirib.
İranlı general bu addımı “maliyyə cihadı” çərçivəsində təqdim edib. O, eyni zamanda ABŞ-ın Yaxın Şərqdən çıxmasını tələb edib və Vaşinqtonun Hörmüz boğazı ilə bağlı siyasətini tənqid edib.
00:16 17.08.2026
Oxunuş sayı: 70