Keçmiş səfir: NATO Ukraynaya konkret yol göstərsəydi, müharibə baş verməyə bilərdi
Niderlandın Ukraynadakı keçmiş səfiri Robert Serri hesab edir ki, Qərbin 2008-ci ildə Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı konkret mövqe ortaya qoymaması Rusiyanın aqressiyasına təsir edən amillərdən biri olub.
Crossmedia.az xəbər verir ki, Serri “Ukrinform”a müsahibəsində 2008-ci ildə Buxarest sammitində Ukraynaya NATO-ya üzvlüklə bağlı konkret Fəaliyyət Planının təqdim edilməməsini tənqid edib. Onun sözlərinə görə, bunun əvəzinə Kiyevə gələcəkdə Alyansa qəbul olunacağı ilə bağlı qeyri-müəyyən vəd verilib və nəticədə Ukrayna Rusiya ilə NATO arasında “boz zona”da qalıb.
Keçmiş səfir bildirib ki, əgər NATO 2008-ci ildə Ukraynanın üzvlük istəyinə daha konkret cavab versəydi, Rusiya-Ukrayna müharibəsi baş verməyə bilərdi. O qeyd edib ki, həmin dövrdə Ukraynaya Qərbdə kifayət qədər ciddi yanaşılmırdı və ölkənin korrupsiya və daxili problemləri də NATO və Avropa İttifaqına üzvlüyə hazır olmamasının səbəbləri arasında idi.
Serri eyni zamanda NATO-nun müharibəyə görə məsuliyyət daşıdığı fikrini rədd edib və əsas məsuliyyətin Rusiya Prezidenti Vladimir Putinin üzərinə düşdüyünü vurğulayıb. Bununla belə, onun fikrincə, Qərbin həmin dövrdəki siyasəti Rusiyanın Ukraynanı öz təsir dairəsində görməsi üçün müəyyən zəmin yaradıb.
Diplomat Rusiyanın Ukraynaya qarşı aqressiyasının yalnız Putinin şəxsi qərarları ilə izah edilə bilməyəcəyini də bildirib. Onun sözlərinə görə, Rusiyada imperiya keçmişinin bərpası və Ukraynanın Moskvanın nəzarətinə qaytarılması ilə bağlı düşüncələr mövcuddur.
20:45 16.08.2026
Oxunuş sayı: 71