Rumıniya üzərində vurulan dronun Rusiyanın olduğu ehtimal edilir
Rumıniya hava məkanında NATO missiyası çərçivəsində vurulan pilotsuz uçuş aparatının ehtimal ki, Rusiyaya məxsus olduğu açıqlanıb. Dronun ölkəyə Moldova istiqamətindən daxil olduğu bildirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə NATO əməliyyat qərargahının sözçüsü Martin O'Donnell açıqlama verib.
O'Donnell bildirib ki, bazar günü baş verən insidentin digər detalları hələ də araşdırılır. Bununla belə, o, pilotsuz uçuş aparatının “ehtimal ki, Rusiya istehsalı olduğunu” qeyd edib.
Rumıniyanın Müdafiə Nazirliyi isə daha əvvəl dronun mənşəyini rəsmi şəkildə açıqlamamışdı. Nazirlikdən bildirilib ki, vəziyyət daim izlənilir və bu cür hadisələrlə bağlı müttəfiq strukturlar real vaxt rejimində məlumatlandırılır.
Məlumata görə, PUA Rumıniyanın şərqində yerləşən Qalats şəhərindən təxminən 24 kilometr şimalda radar vasitəsilə aşkarlanıb. Dronun Moldova istiqamətindən Rumıniya hava məkanına daxil olduğu müəyyən edildikdən sonra onu vurmaq üçün qırıcıya saat 05:01-də icazə verilib.
İspaniyaya məxsus F-18 qırıcısının NATO missiyası çərçivəsində dronu vurduğu bildirilib. Məhv edilən aparatın qalıqları iki kənd arasında yerləşən yaşayış olmayan əraziyə düşüb.
Qeyd edək ki, bundan əvvəl də Rumıniyanın Ukrayna ilə sərhədində yerləşən Plaşuru kəndində başqa bir pilotsuz uçuş aparatına aid olduğu ehtimal edilən qalıqlar aşkarlanmışdı.
21:51 16.08.2026
Oxunuş sayı: 52