ABŞ hərbçiləri Strava paylaşımında gizli bazaları ifşa edib
Amerikalı hərbçilərin “Strava” tətbiqində paylaşdıqları məşq məlumatlarının Yaxın Şərqdəki hərbi bazaların yerləşdiyi ərazilər və hərbçilərin hərəkətləri barədə məlumatları üzə çıxardığı bildirilir.
Crossmedia.az xəbər verir ki, “Sky News”un araşdırmasına əsasən, 1300-dən çox “Strava” istifadəçisi Yaxın Şərqdəki ABŞ hərbi bazalarından məşq məlumatları paylaşıb. Bu məlumatlar vasitəsilə hərbçilərin marşrutlarını, obyektlərdəki aktivliyi və açıq xəritələrdə göstərilməyən bəzi bazaları izləmək mümkün olub.
Bir sıra istifadəçilərin tətbiqdə real adlarından istifadə etməsi onların kimliyinin müəyyənləşdirilməsi riskini də artırıb. Ekspertlər hesab edirlər ki, İran bu məlumatları digər kəşfiyyat məlumatları ilə birləşdirərək ABŞ qüvvələrinin hərəkətlərini izləmək və mümkün hədəfləri müəyyənləşdirmək üçün istifadə edə bilər.
Jurnalistlər Bəhreyn və İordaniyada buna dair nümunələr aşkarlayıblar. “Strava”dakı aktivlikdə baş verən dəyişikliklərin sonrakı İran hücumlarından əvvəl hərbçilərin hərəkətləri barədə müəyyən siqnallar verdiyi bildirilir.
Problemin yeni olmadığı da vurğulanır. Pentaqon hələ 2018-ci ildə fitnes tətbiqlərinin məkan məlumatlarının hərbçilər üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edib. Buna baxmayaraq, ABŞ və Britaniya hərbçilərinin həssas hərbi obyektlərdən məşq məlumatları paylaşmağa davam etdiyi bildirilir. “Sky News” hətta Kiprdəki Britaniyanın Akrotiri bazasında və İsrailin Dimona nüvə mərkəzinin daxilində “Strava” aktivliyi aşkarlayıb.
18:57 16.08.2026
Oxunuş sayı: 47