Ukraynadan ABŞ-yə mesaj: Rusiya qarşıya qoyduğu məqsədə çata bilməyəcək
Ukrayna ABŞ Prezidenti Donald Trampın administrasiyasına Rusiya ordusunun Donetsk vilayətinin qalan hissəsini hətta 2027-ci ilə qədər nəzarətə götürməyə bilməyəcəyinə dair qiymətləndirmə təqdim edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Kyiv Independent” məlumat yayıb.
Nəşrin əldə etdiyi Ukrayna səfirliyinin Vaşinqtona göndərdiyi sənəddə qeyd olunur ki, Ukrayna hazırda Donetsk vilayətinin təxminən 21-22 faizinə nəzarət edir. Sənədə əsasən, Rusiya qoşunlarının irəliləmə tempi ayda 100 kvadrat kilometrdən də aşağı düşüb.
Ukrayna hesab edir ki, bu templə Moskva qarşıya qoyduğu məqsədə hətta 2027-ci ildən sonra da çata bilməyə bilər. Ağ Ev sənədi aldığını təsdiqləyib.
Məlumata görə, Kiyev bu qiymətləndirmə ilə Kremlin danışıqlardakı arqumentinə qarşı çıxmağa çalışır. Rusiya tərəfi iddia edir ki, Ukrayna Donbasın qalan hissəsindən imtina etməlidir, çünki Moskva həmin əraziləri hərbi yolla onsuz da ələ keçirəcək.
Ukrayna isə əvvəlcə hazırkı cəbhə xətti üzrə atəşkəsin əldə olunmasını təklif edir.
Sənəddə həmçinin bildirilir ki, Rusiya sentyabr ayından sonra 500 min nəfərə qədər yeni səfərbərlik həyata keçirməyə cəhd edə bilər. Ukraynanın əsas zəif nöqtələrindən biri isə “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin çatışmazlığıdır.
21:06 14.08.2026
Oxunuş sayı: 40