Qarayara bu yolla yayılır - Diqqətli olun
Samux rayonunda xəstə heyvanla təmasdan sonra qarayara xəstəliyinə yoluxma halı laborator müayinələrlə təsdiqlənib. Xəstə ilə təmasda olan 9 nəfər isə infeksion şöbədə təcrid olunub və onlardan götürülən nümunələr laborator müayinəyə göndərilib. Qarayara insan sağlamlığı üçün ciddi təhlükə yarada bilər. Bu səbəbdən xəstə heyvanla təmasda olan şəxslərin vaxtında tibbi müayinədən keçirilməsi və risklərin düzgün qiymətləndirilməsi vacibdir.
Terapevt Zakir Quliyev Crossmedia.az-a açıqlamasında bildirib ki, qarayara insanlara əsasən xəstə və ya qəfil ölmüş heyvanın qanı, dərisi, yunu, əti və digər toxumaları ilə təmas zamanı keçir. Onun sözlərinə görə, bakteriyanın sporları dəridəki kəsik və sıyrıqlardan orqanizmə daxil ola bilər “Qarayara xəstə heyvanın çiy və ya yaxşı bişməmiş ətinin yeyilməsi, eləcə də çirklənmiş materiallardan havaya qalxan sporların udulması nəticəsində də insana keçə bilər. Xəstə heyvanla təmasda olan şəxslər xüsusilə dəridə əvvəlcə qaşınan düyün və ya suluq, daha sonra isə ortası qara qabıqlı, adətən ağrısız və ətrafı şişmiş yaranın yaranmasına diqqət etməlidirlər. Bundan başqa, qızdırma, halsızlıq, öskürək, sinə ağrısı, nəfəs darlığı, boğaz ağrısı, udma çətinliyi, qarın ağrısı, qusma və ishal da qarayaranın əlamətləri ola bilər. Belə simptomlar meydana çıxarsa, dərhal tibb müəssisəsinə müraciət edilməli və heyvanla təmas barədə həkimə məlumat verilməlidir. Qarayara vaxtında aşkarlanıb antibiotiklə müalicə olunduqda, xüsusilə dəri formasında, sağalma ehtimalı yüksəkdir. Lakin müalicə gecikərsə, sepsis, meningit və tənəffüs çatışmazlığı kimi ağır, hətta ölümcül fəsadlar yarana bilər”.

Z.Quliyev qeyd edib ki, qarayara, bir qayda olaraq, insandan insana hava-damcı yolu ilə və ya adi məişət təması zamanı keçmir: “Bu səbəbdən xəstə heyvanla təmas etmiş, lakin heç bir əlaməti olmayan şəxslərin başqalarını yoluxdurmaması məqsədilə sərt karantində saxlanması adətən tələb olunmur. Bununla belə, həmin 9 nəfərin infeksion şöbədə yerləşdirilməsi təmasın dərəcəsinin qiymətləndirilməsi, erkən əlamətlərin izlənməsi, laborator nümunələrin götürülməsi və ehtiyac yarandıqda profilaktik antibiotik müalicəsinə başlanması baxımından əsaslandırılmış tibbi-epidemioloji tədbir sayıla bilər. Burada söhbət klassik təcriddən daha çox nəzarətli tibbi müşahidədən gedir. Onu da nəzərə almaq lazımdır ki, əlaməti olmayan şəxsdən ilkin mərhələdə götürülmüş nümunənin mənfi çıxması sonradan xəstəliyin inkişafını tam istisna etmir. Buna görə müşahidənin müddəti və profilaktik müalicənin zəruriliyi hər bir şəxsin heyvanı kəsməsi, cəmdəyi soyması, çiy ətlə təması və ya həmin əti yeməsi kimi konkret risklər əsasında infeksionist və epidemioloq tərəfindən müəyyənləşdirilməlidir”.
Zərnigar Hüseynli
18:00 14.08.2026
Oxunuş sayı: 52