Azərbaycan və Seneqal arasında vizasız səfərlər üçün saziş imzalana bilər
Azərbaycan və Seneqal arasında turist axınının asanlaşdırılmasına, vizasız və ya sadələşdirilmiş səfərlərin mümkün olmasına yönəlmiş ikitərəfli sazişin imzalanması nəzərdə tutulur.
Crossmedia.az xəbər verir ki, bu fikirləri Seneqalın Türkiyə, Azərbaycan, Türkmənistan və Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Mustafa Sohna Diop "Report"un yerli bürosuna müsahibəsində deyib.
Səfir iki ölkə arasındakı turizm əlaqələrinə toxunub:
"Ölkələrimiz arasında turizm əlaqələrinə gəldikdə, cəmi iki həftə əvvəl Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə çox məhsuldar onlayn görüş keçirdik. Agentliyin rəhbərliyi ilə danışıqlar zamanı qarşılıqlı biznes və tanışlıq səfərlərinin təşkil olunması barədə razılığa gəldik.
Bu səfərlər çərçivəsində Azərbaycan və Seneqal arasında turist axınının asanlaşdırılmasına, vizasız və ya sadələşdirilmiş səfərlərin mümkün olmasına yönəlmiş ikitərəfli saziş imzalamağı planlaşdırırıq. Məqsədimiz iki ölkə arasında səyahətləri mümkün qədər asanlaşdırmaq, azərbaycanlıları Seneqala, seneqallıları isə Azərbaycana səfər etməyə təşviq etməklə qarşılıqlı turizm mübadiləsini inkişaf etdirməkdir".
15:58 14.08.2026
Oxunuş sayı: 43