Kənd təsərrüfatını məhv etsələr də cəzalandırılmadılar
Rusiyanın Kalininqrad vilayətində qunduzların tikdiyi bəndlərin su hövzələrinin məcrasından çıxmasına, əkin sahələri və meşələrin su altında qalmasına səbəb olduğu bildirilir. Məlumata görə, yerli sakinlər su basmaları və ərazilərin bataqlıqlaşmasından narahatdırlar. Hadisə vəhşi heyvanların ekosistemə təsiri, insan fəaliyyəti ilə təbiət arasındakı tarazlıq məsələsini də gündəmə gətirir.
Ekoloq Sadiq Həsənov Crossmedia.az-a açıqlamasında bildirib ki, qunduzların Kalininqrad vilayətinə kütləvi şəkildə gəlməsi təbii prosesdir:
“Qunduzlar əsasən çaylarda, bataqlıqlarda, göllərdə yaşayırlar. Yarı quru, yarı su həyatı keçirirlər. Çox maraqlı bir gəmiricilər qrupuna aiddirlər. Özləri üçün yuvalar tikirlər. Palçıqdan, ağacdan, ağac budaqlarından yuvalar tikirlər və yaxud da iri evlər tikib orada yaşaya bilirlər. Yəni kifayət qədər maraqlı bir gəmiricidir. Onlar çayların üzərində bəndlər tikərək həmin bəndlərdə kiçik gölməçələr yaradırlar və orada yaşayırlar. Yəni bunların yaşayış yeri belədir. İndiki halda onların Kalininqrad vilayətinə kütləvi şəkildə gəlməsi təbii bir hadisədir. Burada siyasi bir yön yoxdur. Qunduzlara Avropada münasibət bir qədər fərqlidir. Onların öldürülməsinə, vurulmasına icazə verilmir. Görürsən ki, onlar Litvada, Polşada və Avropanın digər ölkələrində həddindən artıq çoxalıblar. Buna görə də Kalininqrad vilayətinə gəliblər. Burada onlar üçün sərhəd yoxdur”.

Ekoloq qeyd edib ki, onlar ağacla qidalanırlar, ət yemirlər: “Ağac budaqları, yarpaqları, qabıqları ilə qidalanırlar. Müxtəlif ağacları, həmin vilayətə uyğun olan palıd, qovaq və digər ağacları çox sevirlər. Təbii ki, bunların həddindən artıq artması buna səbəb olub. Yəni Rusiya, ola bilsin, orada hər hansı ekspertlər hansısa siyasi motiv axtarırlar, amma burada siyasət yoxdur. Qunduzların sayı çoxalıb və onlar kütləvi şəkildə Kalininqrad vilayətinə gəlirlər. Normal bir prosesdir, normal bir prosesdir”.
Zərnigar Hüseynli
17:15 12.08.2026
Oxunuş sayı: 49