Yasamal rayonunda “Azərbaycan gəncliyi beynəlxalq aləmdə” mövzusunda dəyirmi masa təşkil olunub
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Yasamal rayon təşkilatı və Bakı şəhər Gənclər və İdman İdarəsi ilə birgə “12 Avqust-Beynəlxalq Gənclər Günü” münasibəti ilə “Azərbaycan gəncliyi beynəlxalq aləmdə” mövzusunda dəyirmi masa təşkil olunub.
Crossmedia.az xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətində baş tutan dəyirmi masada Bakı şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov, YAP Yasamal rayon təşkilatının məsləhətçisi Vasif Nəbiyev və AMEA Dilçilik İnstitutunun elmi işçisi Fatimə Fətullayeva çıxış edərək qeyd ediblər ki, Beynəlxalq Gənclər Günü BMT-nin təşəbbüsü ilə gənclərin cəmiyyətin inkişafındakı roluna diqqəti artırmaq, onların hüquq və imkanlarını dəstəkləmək məqsədilə təsis edilmişdir. Bu əlamətdar gün gənclərin həm bu günün, həm də gələcəyin fəal qurucuları olduğunu bir daha nümayiş etdirir. Azərbaycan üçün də Beynəlxalq Gənclər Günü gəncliyə göstərilən dövlət qayğısının və gənclərin ölkənin ictimai-siyasi, sosial və mədəni həyatında fəal iştirakının ifadəsidir. Ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin möhkəm təməlləri Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu Öndər Heydər Əliyev gəncləri Azərbaycanın gələcəyi kimi dəyərləndirərək onların təhsili, inkişafı, vətənpərvərlik ruhunda tərbiyəsi və cəmiyyət həyatında fəal iştirakı üçün mühüm imkanlar yaratmışdır. Bu uzaqgörən siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni məzmun və geniş miqyas qazanaraq uğurla davam etdirilir. Gənclərin elmə, təhsilə, innovasiyalara, idmana və ictimai fəaliyyətə cəlb olunması dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Prezident İlham Əliyevin gənclərə göstərdiyi yüksək etimad Azərbaycan gəncliyinin dövlət quruculuğunda fəal iştirakına geniş imkanlar açır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, eləcə də rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi sosial, humanitar, təhsil və mədəniyyət layihələri də gənclərin inkişafına mühüm töhfələr verir. Çıxışlarda qeyd olunub ki, Yeni Azərbaycan Partiyası da gənclərin ictimai-siyasi fəallığının artırılmasına, onların təşəbbüslərinin dəstəklənməsinə və liderlik potensialının üzə çıxarılmasına xüsusi diqqət yetirir. Partiyanın gənclərlə apardığı məqsədyönlü iş onların milli dövlətçilik ideyalarına bağlılığının və vətəndaş məsuliyyətinin gücləndirilməsinə xidmət edir. Azərbaycan gəncliyi Vətən müharibəsində, eləcə də suverenliyimizin bərpasında əldə etdiyi zəfərlə, göstərdiyi misilsiz qəhrəmanlıqla öz sözünü deyərək milli ruhun və vətənpərvərliyin ən parlaq nümunəsini ortaya qoymuşdur. Bu gün Azərbaycan gənci müasir dünyagörüşü, yüksək intellekti, milli-mənəvi dəyərlərə bağlılığı və dövlətçilik mövqeyi ilə ölkəmizin inkişafının əsas hərəkətverici qüvvələrindən biridir. İnanırıq ki, gənclərimiz bundan sonra da Azərbaycanın dayanıqlı inkişafına, beynəlxalq nüfuzunun daha da yüksəlməsinə və qüdrətli gələcəyimizin qurulmasına layiqli töhfələr verəcəklər. Sonda tədbir iştirakçıları Beynəlxalq Gənclər Günü münasibətilə təbrik edilib, ölkəmizin ictimai-siyasi və sosial həyatında fəal iştirak edən gənclərə gələcək fəaliyyətlərində uğurlar və yeni nailiyyətlər arzulanıb.
Çıxışlardan sonra bir qrup gəncə fəxri fərmanlar təqdim olunub, xatirə şəkli çəkdirilib.
14:32 11.08.2026
Oxunuş sayı: 72