İranın yeni qanununda Rusiya üçün güzəştlər mümkündür
İranın Hörmüz boğazının idarə olunması ilə bağlı yeni qanun layihəsində konkret ölkələrə dair məhdudiyyət və ya güzəştlər nəzərdə tutulmasa da, Rusiya üçün xüsusi şərtlər ikitərəfli razılaşma əsasında müəyyən edilə bilər.
Crossmedia.az xəbər verir ki, İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Əbolfəzl Zöhrəvənd “TASS”a müsahibəsində bu barədə məlumat verib.
Zöhrəvənd bildirib ki, qanun layihəsi kompleks xarakter daşıyır və konkret ölkə və ya regiona istinad etmir.
O qeyd edib ki, Rusiya Federasiyası üçün mümkün güzəştlər və ya imtiyazlar İranla ikitərəfli razılaşma əsasında həll oluna bilər.
Daha əvvəl “Reuters” İranın Omanla Hörmüz boğazından keçən yeni gəmiçilik marşrutları barədə yekun razılaşmaya yaxın olduğunu yazıb. Bunun üçün ABŞ-nin bir sıra şərtləri yerinə yetirməli olduğu bildirilib.
Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. Buna cavab olaraq Tehran İsrailə, ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına və regionun neft infrastrukturuna raket və PUA zərbələri endirib.
İran həmçinin dünya üzrə dəniz yolu ilə həyata keçirilən neft tədarükünün təxminən 30 faizinin keçdiyi Hörmüz boğazını bağlayıb.
13:25 11.08.2026
Oxunuş sayı: 41