Bu ixtisaslara üstünlük verin - Abituriyentlərin nəzərinə
Abituriyentlərin ixtisas seçimində valideynlərin təsiri uzun illərdir müzakirə olunan məsələlərdən biridir. Əmək bazarının sürətlə dəyişməsi və süni intellektin bir çox sahələrə daxil olması gənclərin gələcək karyeraları ilə bağlı seçimlərini də yenidən nəzərdən keçirməsini zəruri edir. İxtisas seçiminin yaxınlaşdığı bir vaxtda valideynlər və abituriyentlər də seçimlə bağlı fikir ayrılıqları yaşayır. Bu həm ixtisasdan həm də onun balının artıb- azalmasından asılı olur. Bəs abituriyentlər ixtisas seçərkən hansı amilləri nəzərə almalıdırlar?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli valideynlərin abituriyentlərin seçimlərinə təsirindən, gələcəyin əmək bazarında tələb olunacaq ixtisaslardan və süni intellektin inkişafının bu seçimlərə təsirindən danışıb.
“Hər zaman belə olub və bu il də istisna deyil ki, bizdə abituriyentlərin seçiminə valideynlər daha çox təsir edirlər. Çox arzulayardım valideynlər artıq başa düşsün ki, indiki gənclik ənənəvi, şablon – hüquqşünas, həkim olmaq, böyük iqtisadçı olmaq – həvəsindən artıq bezib. Çünki bunlar artıq gələcəyin prestijli ixtisasları deyil. Gələcək üçün heç olmasa yaxın 10 ili, 10 ilə hesablanmış əmək bazarı üçün vacib olan peşələri seçmək lazımdır ki, gələcəkdə heç olmasa özünü sığortalayıb işsiz qalmasın. Bunun üçün də vacib ixtisaslar süni intellektlə bağlı olan ixtisaslardır: kompüter mühəndisliyi, kompüter elmləri və yaxud da, məsələn, bu gün daha çox populyarlıq qazanmış sahələr var. Bu, elektronikadır. Məsələn, alternativ enerji ilə bağlı qurğuların xüsusi mühəndisləri və onlara aid ixtisaslar da gələcək üçün əhəmiyyətli sahələrdir".

Ekspert son olaraq qeyd edib ki, bir sözlə, süni intellektin zəbt edə bilmədiyi sahələrə daha çox üstünlük vermək lazımdır: "Bilirik ki, süni intellekt artıq məişətimizə qədər gəlib. Yəni bundan sonra süni intellektin idarə edə bilməyəcəyi sahələrə bir qədər daha çox diqqət artırmalıdırlar".
Zeynəb Həsən
18:50 10.08.2026
Oxunuş sayı: 42