Olivia Uayld: Bu film məni daha romantik etdi
Amerikalı aktrisa Olivia Uayld yeni filmi "Dəvət"dəki rolunun onu daha romantik bir insana çevirdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, "Habertürk" bu barədə məlumat yayıb.
42 yaşlı aktrisa İsveçrədə keçirilən Lokarno Film Festivalında filmin premyerasında iştirak edib. Qırmızı xalçadan sonra keçirilən mətbuat konfransında Uayld "Dəvət" filminin ona münasibətlərə və evliliyə baxışını dəyişdirdiyini deyib.
Uayld bildirib ki, film onun daxilindəki kinayə və istehzanı azaldıb. Aktrisa hazırlıq prosesində uzun illər evli olan insanlarla söhbət etdiyini və onların təcrübələrindən təsirləndiyini qeyd edib.
Onun sözlərinə görə, 40, 50 və 60 il evli qalan insanların təcrübəsi eyni insanla zaman keçdikcə yenidən münasibət qurmağın mümkün olduğunu göstərir.
"İndi məncə əsas məsələ eyni insanla yenidən münasibət qurmağın mümkün olub-olmamasıdır. Bir insanla bir neçə fərqli münasibət yaşamaq mümkündürmü və bunun düşündüyümdən daha çox əsası varmı?" - Uayld deyib.
Filmdə Uayld Anjela obrazını canlandırır. Onun həyat yoldaşı Co rolunu Set Rogen, digər cütlüyü isə Penelopa Kruz və Edvard Norton canlandırır.
"Dəvət" filmi daim mübahisə edən cütlüyün cinsi azadlıq tərəfdarı olan dostlarını şam yeməyinə dəvət etməsindən və bundan sonra evliliklərindəki problemlərlə üzləşməsindən bəhs edir.
18:46 09.08.2026
Oxunuş sayı: 48