Britaniyada 1600 ildən çox torpaq altında qalan Roma villasının izləri tapılıb
Böyük Britaniyanın Devon qraflığında arxeoloqlar IV əsrə aid böyük Roma villasının qalıqlarını aşkar ediblər.
Crossmedia.az bu barədə ˝Unian˝-a istinadən xəbər verir.
Qədim tikili 1600 ildən artıq müddətdə kənd təsərrüfatı sahələrinin altında qalıb.
Qədim mülk Qalberton və Sempford-Peverell kəndləri arasında aşkar edilib. Araşdırmalar Ekseter Universiteti və Cotswold Archaeology təşkilatının həyata keçirdiyi “Saving Halberton’s Ancient Roman Environment˝ layihəsi çərçivəsində aparılıb.
Tapıntılar arasında ən diqqətçəkəni minlərlə kiçik daş kubikdən hazırlanmış çoxrəngli Roma mozaikası olub. Qırmızı, ağ və tünd-göy rəngli daşlardan hazırlanmış mozaikada səkkiz ləçəkli stilizə edilmiş gül təsvir edilib.
Devon qraflığının arxeoloqu Bill Horner bildirib ki, bu, Britaniyada Roma villasından tapılan ən qərbdə yerləşən polixrom mozaika nümunəsidir.
Arxeoloqlar ərazidə iki daş konstruksiyanı da araşdırıblar. Onlardan birinin Roma hamamı, digərinin isə təsərrüfat məqsədli tikili olduğu ehtimal edilir.
Qazıntılar zamanı mis qolbaq, gümüş örtüklü qaşıq, içki qabı, çoxsaylı keramika parçaları və üzərində Qələbə ilahəsinin təsviri olan oyma qiymətli daş da aşkarlanıb.
Alimlərin fikrincə, villa zəngin və nüfuzlu Roma ailəsinin iqamətgahı olub. Layihənin rəhbəri, Ekseter Universitetinin arxeologiya professoru Syuzan Qrini isə belə dəbdəbəli hamam kompleksinin tapılmasının tədqiqatçılar üçün gözlənilməz olduğunu bildirib.
Qədim abidənin mövcudluğu ilk dəfə 2004-cü ildə yerli xəzinə axtaran Con Hillin metal detektor vasitəsilə ərazidə Roma dövrünə aid artefaktlar aşkarlaması ilə üzə çıxıb.
Hazırda mütəxəssislər mozaikanı Tiverton Museum of Mid-Devon Life muzeyinə aparmağa hazırlayırlar. Burada gələcəkdə ziyarətçilər nadir tapıntını görə biləcəklər.
23:50 05.08.2026
Oxunuş sayı: 74