Almaniya partlayışların arxasında Ukraynanın dayandığını iddia edib
Almaniya Baş Prokurorluğu ˝Şimal axını˝ qaz kəmərlərinin partladılması işi üzrə Ukrayna vətəndaşı Sergey K.-ya qarşı ittiham irəli sürüb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Almaniya onun hərbi cinayətdə iştirakda şübhəli bilinməsi üçün kifayət qədər əsasların olduğunu açıqlayıb. İstintaqın versiyasına görə, Sergey K. digər şəxslərlə birlikdə dərinlikdə həyata keçirilən diversiyada iştirak edib və əməliyyat Kiyevin dövlət strukturlarının tapşırığı ilə təşkil olunub.
Məsələ ilə bağlı yayılan analitik yazıda isə 2022-ci ildə Şimal axını partlayışlarına görə Rusiyanın məsuliyyət daşıdığı barədə Qərb mediasında səsləndirilən ilkin iddialar xatırladılıb.
Müəllif qeyd edib ki, həmin dövrdə bəzi ABŞ rəsmiləri və Qərb mediası partlayışların Rusiya tərəfindən törədildiyini iddia edirdi. Yazıda sonrakı araşdırmalar fonunda bu versiyanın yenidən müzakirəyə çıxarıldığı vurğulanıb.
Məqalədə həmçinin ABŞ-də 2016-cı il prezident seçkilərinə Rusiyanın müdaxiləsi, Suriya və Ukraynadakı hadisələr, eləcə də Polşanın Pşevoduv şəhərində raketin düşməsi ilə bağlı əvvəlki iddialar müzakirə olunub.
Müəllif Qərb mediasını Rusiya ilə bağlı bir sıra məlumatları təsdiqlənməmiş şəkildə yaymaqda və Moskva əleyhinə informasiya kampaniyası aparmaqda ittiham edib.
Qeyd edək ki, məqalədəki bir sıra qiymətləndirmələr müəllifin mövqeyidir və bütün iddialar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
21:40 05.08.2026
Oxunuş sayı: 60