Rusiya ordusunda yeni qoşun növü yaradılır
Rusiya Prezidenti Vladimir Putin Silahlı Qüvvələrdə bir sıra yeni təyinatlar həyata keçirib. O, həmçinin Rusiya ordusunda yeni strukturun – pilotsuz sistem qoşunlarının yaradıldığını açıqlayıb.
Crossmedia.az bu barədə ˝TASS˝-a istinadən xəbər verir.
Putinin qərarı ilə Mərkəz qoşun qruplaşmasının qərargah rəisi, general-polkovnik Denis Lyamin Rusiya Silahlı Qüvvələrinin pilotsuz sistemlər qoşunlarının ilk komandanı təyin edilib.
Putin Lyamini bu sahənin ən hazırlıqlı mütəxəssislərindən biri adlandırıb.
Bundan əlavə, general-polkovnik Andrey İvanaev Mərkəzi Hərbi Dairənin qoşunlarının komandanı təyin olunub. Onun əvvəl rəhbərlik etdiyi Mərkəz qoşun qruplaşmasına isə qərargah rəisi Pyotr Bolqarev rəhbərlik edəcək.
Rusiya liderinin qərarı ilə general-polkovnik Valeri Solodçuk müdafiə nazirinin müavini və arxa təminat üzrə məsul şəxs təyin olunub.
Silah, hərbi və xüsusi texnikanın sifarişi və təminatı üzrə işlərə müdafiə nazirinin müavini, general-polkovnik Aleksandr Sançik rəhbərlik edəcək.
Perspektivli silah və hərbi texnikanın hazırlanmasına isə müdafiə nazirinin müavini Aleksey Krivoruçko cavabdeh olacaq.
Putin yeni təyin olunan şəxslərin əvvəlki vəzifələrində əldə etdikləri döyüş təcrübəsi və təşkilati bacarıqlarının qarşıdakı vəzifələrin yerinə yetirilməsində mühüm rol oynayacağına ümid etdiyini bildirib.
22:12 05.08.2026
Oxunuş sayı: 64