Analitik: Rusiya Ukraynanın zəif nöqtəsini tapıb və bundan istifadə edir
Rusiya Ukraynanın ballistik raketlərin qarşısını almaq üçün nəzərdə tutulan raket-interseptor ehtiyatlarının tükənməsindən yaranan imkan pəncərəsindən istifadə edir.
Crossmedia.az “Sky News”a istinadən xəbər verir ki, bu fikri britaniyalı hərbi analitik Maykl Klark səsləndirib.
Bu səbəbdən Moskva hazırda Ukraynada istənilən hədəfi vurmaq imkanına malikdir.
Onun sözlərinə görə, son həftələrdə Rusiya Kiyevə ballistik raketlərlə xüsusilə intensiv zərbələr endirir və Ukraynanın bu raketləri texniki baxımdan ələ keçirmək imkanları məhduddur.
Klark son hücumlardan birini nümunə göstərərək bildirib ki, Ukrayna Müdafiə Qüvvələri Rusiya dronlarının 90 faizini vurub, lakin ballistik raketlərin heç birini zərərsizləşdirə bilməyib.
Analitik hesab edir ki, Rusiya bu hücumları davam etdirəcək, çünki Moskva Ukraynanın ballistik raketləri məhv edə bilən sursat çatışmazlığı yaşadığını bilir.
Klark həmçinin Rusiyanın öz ballistik raketləri ilə yanaşı, Şimali Koreyanın KN-23 ballistik raketlərindən də istifadə etdiyini iddia edib.
Onun sözlərinə görə, Rusiya Ukraynanın hava hücumundan müdafiəsində yaranmış boşluqdan yararlanır və bu vəziyyət Ukrayna üçün xüsusilə qarşıdakı qış aylarında ciddi problem yarada bilər.
Ukraynada hava hücumundan müdafiə raketləri çatışmır
Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl 2026-cı ildə ölkəyə verilən ballistik raketlərə qarşı müdafiə vasitələrinin tədarükünün 2025-ci illə müqayisədə üç dəfə azaldığını bildirib.
Zelenski tərəfdaşları istehsalın bərpası və onun Ukraynada lokallaşdırılması ilə bağlı siyasi qərarlar qəbul etməyə çağırıb.
Bundan başqa, ABŞ Prezidenti Donald Trampın Ukraynaya “Patriot” sistemləri üçün yüzlərlə əlavə raket verilməsi ilə bağlı Zelenskinin müraciətini rədd etdiyi bildirilir. Tramp qərarı ABŞ-də raket çatışmazlığı və ölkənin öz hərbi bazalarını qorumaq ehtiyacı ilə izah edib.
23:44 05.08.2026
Oxunuş sayı: 72