Yaşamaq mümkün olmayacaq: Ukraynalı deputatın moskva ilə bağlı proqnozu
Ukrayna Ali Radasının “Xalqın xidmətçisi” fraksiyasının deputatı Oleq Dunda Rusiyanın qaz-kompressor stansiyalarına zərbələrin endirilməsi halında ölkənin Avropa hissəsində ciddi problemlərin yarana biləcəyini iddia edib.
Crossmedia.az xəbər verir ki, Dunda “Apostrof TV”nin efirində bildirib ki, noyabr və ya dekabr aylarında Rusiyanın qaz-kompressor stansiyalarına Wildberries logistika mərkəzlərinə endirilən zərbələrə bənzər hücumlar həyata keçirilərsə, bunun nəticələri yanvar ayında özünü göstərə bilər.
Onun sözlərinə görə, Rusiyada elektrik enerjisi istehsalının təxminən 40 faizi təbii qazın yandırılması hesabına həyata keçirilir və ölkənin Avropa hissəsindəki böyük şəhərlərin qaz təchizatı magistral qaz kəmərlərindən asılıdır.
Deputat qaz kəmərlərinin hər 120-150 kilometrdən bir yerləşən kompressor stansiyalarından asılı olduğunu və bu obyektlərin zərbələr qarşısında həssas olduğunu iddia edib.
Dunda mümkün hücumların Rusiyanın müharibədəki vəziyyətini köklü şəkildə dəyişə biləcəyini və ölkənin tam məğlubiyyətinə gətirib çıxara biləcəyini bildirib.
Qeyd edək ki, deputatın səsləndirdiyi fikirlər proqnoz və iddia xarakterlidir.
23:28 05.08.2026
Oxunuş sayı: 71