Telegram rəhbəri beynəlxalq axtarışa verilib
Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) Telegram messencerinin rəhbəri Pavel Durovu terror fəaliyyətinə yardımda ittiham edib və onun beynəlxalq axtarışa verildiyini açıqlayıb.
Crossmedia.az “Rossiyskaya qazeta”-ya istinadən xəbər verir ki, Durovun fəaliyyəti ilə bağlı araşdırma hələ fevral ayında terrorçuluğa yardım ittihamı üzrə başlanıb.
“Rossiyskaya qazeta” FSB-nin materiallarına istinadən bildirib ki, 2022-ci ildən Rusiyada Telegram-dan istifadə edilməklə 153 min cinayət qeydə alınıb. İddialara görə, bunlar arasında Krokus Siti Hollda törədilən terror aktının, Darya Duginanın, Maksim Fominin (Vladlen Tatarski) və RHBZ qoşunlarının rəhbəri, general-leytenant İqor Kirillov da daxil olmaqla, doqquz yüksək rütbəli hərbçinin qətlinin təşkili, həmçinin hərbi komissarlıqlarda partlayış və yanğınların törədilməsi olub.
FSB-nin məlumatına əsasən, bir neçə il ərzində Telegram vasitəsilə hazırlandığı iddia edilən 475 terror aktının qarşısı alınıb. Onların arasında məktəblərdə yeniyetmələr tərəfindən kütləvi qətllərin törədilməsinə dair 61 hazırlıq halının olduğu bildirilir.
Bundan başqa, Rusiya hərbçilərinin ailə üzvlərinə qarşı təxminən 700 birbaşa təhdidin qeydə alındığı iddia olunur.
Məlumata görə, Roskomnadzor Telegram rəhbərliyinə qanunsuz məzmunun silinməsi tələbi ilə 150 mindən çox müraciət göndərib. İddialara görə, bu müraciətlər cavabsız qalıb.
FSB rəhbəri Durovu ittiham etmişdi
FSB direktoru Aleksandr Bortnikov daha əvvəl Telegram rəhbərliyi ilə danışıqlar aparıldığını, lakin bunun nəticə vermədiyini bildirib.
“İndi Durovla heç bir danışıqlar aparmırıq, əvvəllər aparmışdıq, amma bunun yaxşı nəticəsi olmadı”, – Bortnikov deyib.
O, məsələnin söz azadlığı uğrunda mübarizə kimi təqdim edilməməli olduğunu vurğulayıb. Bortnikovun sözlərinə görə, əsas məqsəd vətəndaşların maraqlarını qorumaq və Telegram xidmətlərindən istifadə etməklə törədilən hüquq pozuntularının qarşısını almaqdır.
FSB rəhbəri Durovun şəxsi maraqlarını güddüyünü və bunun nəticədə çoxsaylı hüquq pozuntularına şərait yaratdığını iddia edib. O, uşaq cinayətkarlığı, terror aktları və diversiyaları buna nümunə göstərib.
Durovu nə gözləyir?
Vəkil Vladimir Jerebenkovun sözlərinə görə, Durovun günahı məhkəmədə sübuta yetirilərsə, Rusiyada ömürlük həbs cəzası ilə üzləşə bilər.
“Bu maddə çox ciddi ittihamdır. Ona görə ömürlük həbs də nəzərdə tutulur. Bundan başqa, istintaq zamanı Durova Rusiya Cinayət Məcəlləsinin digər maddələri ilə də ittihamlar irəli sürülə bilər”, – vəkil bildirib.
Onun sözlərinə görə, Durov Rusiyada qiyabi həbs edilə bilər. Jerebenkov bunun şəxsin ekstradisiyası üçün tətbiq olunan ümumi prosedur olduğunu və Rusiya hüquq-mühafizə orqanlarının onun ölkəyə qaytarılması üçün, o cümlədən İnterpol xətti ilə tədbirlər görə biləcəyini deyib.
Telegram Rusiyada qadağan edilə bilər?
Rusiya Dövlət Dumasının İnformasiya siyasəti komitəsi sədrinin müavini Andrey Svintsov isə Roskomnadzor və FSB-nin rəsmi açıqlamaları verilənədək rusiyalılara Telegram daxilində maliyyə əməliyyatları aparmamağı tövsiyə edib.
Onun sözlərinə görə, istifadəçilər ödənişli abunəliklər almamalı, TON valyutası və digər maliyyə əməliyyatlarını həyata keçirməməlidirlər.
Bununla yanaşı, deputat Telegram-ın Rusiyada qanuni fəaliyyətini davam etdirmək şansının qaldığını bildirib. Onun sözlərinə görə, ittiham hazırda birbaşa Pavel Durova qarşı irəli sürülüb və Telegram şirkətinin özü terrorçuluğa yardımda ittiham edilməyib.
Svintsovun fikrincə, şirkətin Rusiyada nümayəndəlik açması, istifadəçilərin şəxsi məlumatlarını ölkə ərazisində emal və saxlaması, həmçinin terror təhlükələri və digər qanunsuz fəaliyyətlərlə mübarizə məsələlərində xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsi tələb oluna bilər.
İstifadəçilər üçün nə dəyişir?
Advokat Premium Kollegiyasının sədri, vəkil Timur Çanışev isə Durovun cinayət təqibinə məruz qalmasının Telegram-ın istifadəçilər üçün avtomatik olaraq qadağan edilməsi demək olmadığını bildirib.
Onun sözlərinə görə, adi istifadəçilər üçün hüquqi vəziyyət dəyişməyib: Telegram-ı telefona yükləmək, hesab yaratmaq, şəxsi yazışmalar aparmaq və qanuni kanallardan istifadə etmək mümkündür.
Çanışev qeyd edib ki, Telegram kanalının mövcudluğu və ya orada fəaliyyət göstərilməsi öz-özlüyündə terror fəaliyyətinə yardım hesab edilmir. Cinayət məsuliyyəti messencerdən istifadə faktına görə deyil, terrorçuların cəlb edilməsi, terror fəaliyyətinin maliyyələşdirilməsi, şəxslərin terror cinayətlərinə cəlb olunması və qanunda nəzərdə tutulan digər konkret qəsdən törədilən əməllərə görə yarana bilər.
Vəkil əlavə edib ki, konkret hüquqi qiymətləndirmə kanalın məzmunundan və administratorun hərəkətlərindən asılıdır.
01:30 31.07.2026
Oxunuş sayı: 37