AzTV İranın hədəfində - tarixi qərəz və cılız siyasət
İran İslam Respublikasının Kəşfiyyat Nazirliyinin Azərbaycan Respublikasının dövlət televiziya kanalı AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsi və bu qurumlarla əməkdaşlıq edənləri cinayət məsuliyyəti ilə hədələməsi sıradan bir hadisə deyil. Bu, İranın uzun illərdir mövcud olan qərəzli münasibətinin və “informasiya müharibəsi”nin növbəti mərhələsidir. Azərbaycanın obyektiv dövlət televiziyasının “düşmən” kimi təqdim edilməsi yolverilməzdir və dövlət əhəmiyyətli məsələdir. Bu addım İranın Azərbaycana qarşı tarixən tutduğu mövqenin, xüsusən də İkinci Qarabağ müharibəsi dövründəki münasibətinin açıq-aşkar davam etdirilməsidir.
Medianın İnkişafı Agentliyi (MEDİA) hadisəyə dərhal və prinsiplial reaksiya verdi. Agentlik bəyanatında bildirib ki, İranın Kəşfiyyat Nazirliyinin AzTV-ni və bir sıra digər xarici media subyektlərini “düşmən media qurumları” siyahısına salması, onlarla əməkdaşlıq edənləri cinayət məsuliyyəti ilə hədələməsi təəccüb doğurur.
MEDİA vurğulayıb ki, Azərbaycan jurnalistlərin peşə fəaliyyətinin müdafiəsinə sadiq qalmaqla yanaşı, qarşılıqlılıq prinsipini də tətbiq edir. “Media haqqında” Qanunun 11.4-cü maddəsinə əsasən, Media Reyestrinə daxil edilmiş jurnalistlərin peşə fəaliyyətinə digər dövlətlər tərəfindən xüsusi məhdudiyyətlər qoyulduqda, həmin dövlətin jurnalistlərinə Azərbaycanda da eyni məhdudiyyətlər tətbiq edilə bilər.
Bu əsasda agentlik Azərbaycanın milli maraqlarına zidd fəaliyyət göstərən, ölkənin suverenliyi, konstitusiya quruluşu, ərazi bütövlüyü və milli təhlükəsizliyi əleyhinə təbliğat aparan İranın “Səhər” televiziya kanalı və “Mehr” xəbər agentliyinin, eləcə də onların nümayəndələrinin Azərbaycan ərazisindəki fəaliyyətini qanunsuz elan edib. Bütün media subyektləri və jurnalistlər bu qurumlarla əməkdaşlıqdan çəkinməyə çağırılıb. MEDİA bir daha qeyd edib ki, media sahəsində beynəlxalq əməkdaşlıq yalnız qarşılıqlı hörmət və jurnalistlərin peşə müstəqilliyi prinsipləri əsasında həyata keçirilməlidir.
Bu cavab hüquqi, ölçülmüş və prinsiplialdır. Azərbaycan öz dövlət televiziyasını “düşmən” elan edən tərəfə eyni prinsiplə cavab verir. Bu isə dövlətlərarası münasibətlərin ciddi şəkildə zədələnməsinə gətirib çıxaracaq ki, İran heç vaxt bundan çəkinməyərək qonşuluq münasibətlərini heçə sayıb. Azərbaycanın isə məsələyə adekvat münasibəti olduqca yerində verilmiş qərəzsiz qərardır.
Biz xatırlayırıq ki, İkinci Qarabağ müharibəsi də (44 günlük Vətən müharibəsi) İran-Azərbaycan münasibətlərində qərəzin ən açıq şəkildə üzə çıxdığı dövrlərdən biri oldu. Rəsmi Tehranın bəyanatlarında Qarabağın Azərbaycan torpağı olduğu və ərazi bütövlüyünün tanındığı dəfələrlə təkrarlanıb. Lakin praktikada və media səviyyəsində vəziyyət fərqli idi.
Müharibənin ilk günlərindən etibarən İran mediası Azərbaycana qarşı dezinformasiya kampaniyası və informasiya hücumları aparıb. Azərbaycanın öz torpaqlarını beynəlxalq hüquq çərçivəsində azad etməsi prosesi bəzi İran dairələrində narahatlıqla qarşılanıb. Xüsusən Azərbaycan ordusu İran sərhədinə yaxınlaşdıqda Tehran tərəfindən hərbi mobilizasiya və “sərhədlərin dəyişməzliyi” barədə sərt bəyanatlar səsləndirilib. Bu, Azərbaycanın qələbəsinin regional status-kvonu dəyişəcəyi qorxusundan qaynaqlanırdı.
İran mediasının bir hissəsi müharibəni “münaqişənin genişlənməsi”, “regional sabitliyin pozulması” kimi təqdim edərək, əslində Azərbaycanın haqlı mövqeyini zəiflətməyə çalışıb. Bəzi məlumatlara görə, müharibə zamanı üçüncü ölkələrdən Ermənistana hərbi ləvazimatın İran ərazisindən keçməsi ilə bağlı iddialar ortaya çıxıb. İran rəsmiləri açıq şəkildə Ermənistanı dəstəkləməsələr də, Azərbaycanın qələbəsinə sevinən mövqe sərgiləməyiblər. Əksinə, müharibədən sonra Zəngəzur dəhlizi məsələsi İran üçün “qırmızı xətt” elan edilib və bu, Azərbaycanın geosiyasi qazanclarına qarşı açıq müqavimət kimi qiymətləndirilib.
AzTV rəhbəri Rövşən Məmmədovun qeyd etdiyi kimi, İran mediası 44 günlük müharibənin ilk günlərindən Azərbaycana qarşı dezinformasiya və informasiya hücumları aparıb. Azərbaycan mediası isə hadisələri peşəkar jurnalistika standartlarına uyğun işıqlandırıb, yalan məlumat yaymayıb. AzTV-nin faktlara əsaslanan cavabları və regionda baş verənlərin obyektiv təqdimatı Tehranın bəzi dairələrini narahat edib. Bu səbəbdən də dövlət televiziyasının “düşmən” siyahısına salınması təəccüblü görünmür — bu, həqiqətin gizlədilməsinə yönəlmiş cəhddir.
İranın Azərbaycana münasibəti yalnız bununla məhdudlaşmır. İran daim Azərbaycanın müstəqil, siyasətindən, Türkiyə və İsrail ilə yaxın münasibətindən narahat olub. Azərbaycan səfirliyinə edilən terror hücumu, Cənubi Azərbaycan məsələsinə qərəzli yanaşma, “Səhər” TV və “Mehr” agentliyinin davamlı anti-Azərbaycan təbliğatı, İranın düşmən münasibətinin sistemli xarakter daşıdığını göstərir.
AzTV isə Azərbaycanın rəsmi mövqeyini, beynəlxalq hüquqa əsaslanan ərazi bütövlüyü prinsiplərini, Qarabağ həqiqətlərini dünyaya çatdıran əsas platformadır. Onu “düşmən media” elan etmək, əslində Azərbaycanın suveren informasiya siyasətinə və dövlət maraqlarına qarşı yönəlmiş addımdır. Bu, obyektiv jurnalistikanın, faktlara əsaslanan xəbərçiliyin cəzalandırılması cəhdidir.
İranın AzTV-ni düşmən media qurumu kimi təqdim etməsi yolverilməzdir. Bu, nə diplomatik münasibətlərin ruhuna, nə də media sahəsində qarşılıqlı hörmət prinsiplərinə uyğun gəlir. MEDİA-nın qarşılıqlılıq prinsipi əsasında verdiyi cavab düzgün və qanuni addımdır. Azərbaycan öz milli maraqlarını, suverenliyini və informasiya təhlükəsizliyini qorumaq hüququna malikdir.
Azərbaycan heç vaxt düşmənçilik siyasəti yürütməyib. Lakin öz dövlət televiziyasına “düşmən” damğası vuran tərəfə susmaq da olmaz. AzTV və digər Azərbaycan mediası faktlara, beynəlxalq hüquqa və milli maraqlara əsaslanan mövqeyini davam etdirəcək. Çünki həqiqət heç bir “düşmən siyahısı” ilə susdurula bilməz.
Bu hadisə bir daha göstərir ki, regionda sabitlik və əməkdaşlıq yalnız qarşılıqlı hörmət, qərəzsizlik və beynəlxalq hüquqa riayət şəraitində mümkündür. Əks halda, belə təxribatlar yalnız münasibətləri daha da gərginləşdirir.
Ayhan
22:47 30.07.2026
Oxunuş sayı: 41