Qarabağ uğrunda yeni mübarizə: legitimlik və tarixi yaddaş
150 diplomat və 58 ölkə ilə 9 beynəlxalq təşkilatın nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri bölgədə münaqişədən sonrakı reallıqların beynəlxalq nümayəndələrə birbaşa təqdim olunması baxımından diqqət çəkir. Səfər çərçivəsində diplomatik nümayəndələr Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcərdə aparılan bərpa-quruculuq işləri, sosial və iqtisadi infrastruktur layihələri, eləcə də tarixi-mədəni irsin vəziyyəti ilə tanış olublar. Bu, 2020-ci ildən sonra diplomatik korpus nümayəndələrinin Azərbaycanın azad edilmiş ərazilərinə 22-ci səfəridir. Xarici diplomatların bölgəyə mütəmadi səfərləri Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi bərpa və inkişaf prosesinin, eləcə də Qarabağla bağlı mövqeyinin beynəlxalq auditoriyaya birbaşa çatdırılması baxımından əhəmiyyət daşıyır.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Azərbaycanla Ermənistan arasında münaqişənin hərbi-siyasi mərhələsinin başa çatdığını, Qarabağ məsələsində mübarizənin isə yeni müstəviyə keçdiyini bildirib. Crossmedia.az-a açıqlamasında ekspert qeyd edib ki, hazırda əsas mübarizə beynəlxalq legitimlik, tarixi yaddaş, mədəni irs və postmünaqişə reallığının qəbulu ətrafında gedir: “Vaxtilə əsas qarşıdurmanın məqsədi əraziyə faktiki nəzarət, statusun müəyyənləşdirilməsi və təhlükəsizlik məsələləri ətrafında gedirdisə, indi savaşın mühüm hissəsi beynəlxalq legitimlik, tarixi yaddaş, mədəni irsin tanıdılması və postmünaqişə reallığının qəbulu üzərində aparılır. Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun 11–12 sentyabrda Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistanda, erməni diaspor strukturlarında və sosial media şəbəkələrində verilən reaksiyalar mübarizənin yeni müstəviyə daşınmasının mahiyyətini açıq göstərdi”.
Deputatın sözlərinə görə, 58 ölkə və doqquz beynəlxalq təşkilatı təmsil edən 150 diplomatın Qarabağa səfərinə verilən reaksiyalar da bu yanaşmanı göstərir: “Xarici diplomatlar akkreditə olunduqları dövlətin suveren ərazisinə səfər edirdilər. Lakin reaksiyanın miqyası göstərdi ki, erməni siyasi və informasiya məkanının böyük hissəsi üçün problem diplomatların konkret bir bəyanat verməsi və ya hansısa abidə haqqında mübahisəli tarixi tezislərdən irəli gəlmir. Qarabağın Azərbaycanın suveren siyasi, inzibati və ictimai məkanına inteqrasiyasının beynəlxalq diplomatik praktikada tədricən adi hala, normaya çevrilməsi düşmənçilik məfkurəsində qalanlar tərəfindən qəbul edilmir”.
Zahid Oruc Ermənistanın rəsmi mövqeyi ilə ictimai-siyasi və informasiya məkanındakı reaksiyalar arasında fərq olduğunu da qeyd edib: “Postmünaqişə dövrünün dünya təcrübəsi göstərir ki, sərhədi tanımaqla atılan rəsmi imzanın yaratdığı siyasi reallığı qəbul etmək eyni mənaya gəlmir. Dövlət rəhbərliyi müqavilələrdə konkret ərazini qonşu ölkənin suveren tərkib hissəsi kimi tanıya bilər, lakin cəmiyyətin media, dini, akademik və diaspor institutları əvvəlki əraziləri düşüncələrində, təbliğat və təşviqat vasitələrində yaşatmaqda davam edərsə, sülhlə ictimai barış arasında ciddi toqquşma yaranır”.
O, mədəni irs məsələlərinin də siyasi mübarizə vasitəsinə çevrilə biləcəyini deyib: “İki ölkəni yenidən düşmənçilik atmosferinə qaytarmaq istəyən qüvvələrə bəzən bir monastır, bir əlyazmanın reproduksiyası, bir xəritə, bir foto, diplomatik səfərdə səslənmiş bir ifadə də kifayətdir. Hadisə əvvəlcə tarixi polemika kimi başlayır, sonra sosial mediada mənəvi ittihama çevrilir, diaspor strukturları onu beynəlxalq lobbi gündəminə çıxarır, daxili müxalifət hakimiyyətə qarşı istifadə edir və nəticədə sülh prosesinin özü zərbə altında qala bilər”.
deputatın sözlərinə görə, Qarabağ məsələsi artıq işğal dövrünün geosiyasi arxitekturasından uzaqlaşır: “Əgər tarix haqqında həqiqi elmi mübahisələr siyasi ərazi iddiasından ayrılarsa, xarici diplomatların Qarabağa səfəri nə Bakıda xüsusi siyasi qələbə, nə də İrəvanda milli faciə kimi qəbul ediləcək”.
Nigar Xəlilli
20:15 15.09.2026
Oxunuş sayı: 48