Dünya ekoloji böhranla üz-üzə - 247 milyon sərçə məhv olub
Bir vaxtlar şəhər və həyətlərin ayrılmaz hissəsi olan ev sərçələrinin sayı Avropanın bir sıra ölkələrində son onilliklərdə kəskin azalıb. Araşdırmalara görə, 1980-ci ildən 2017-ci ilədək Avropada ev sərçələrinin sayı təxminən 247 milyon azalıb və növ ümumi say baxımından ən ciddi itkiyə məruz qalan quşlardan biri olub. Alimlər azalmanın səbəbləri arasında qida və yuvalama yerlərinin itirilməsi, kənd təsərrüfatındakı dəyişikliklər, hava çirkliliyi və bəzi xəstəlikləri göstərirlər. Böyük Britaniyada isə ev sərçələrinin sayı 1970-ci illərdən etibarən ciddi şəkildə geriləyib. Bu mənzərə Azərbaycanda da sərçələrin əvvəlki qədər çox görünməməsinin səbəbləri və ölkədə onların populyasiyasının real vəziyyəti barədə suallar yaradır.
Ekoloq Sadiq Həsənov Crossmedia.az-a sərçələrin sayının azalmasının əsas səbəblərindən birinin urbanizasiya olduğunu bildirib: "Şəhərləşmənin artması quşların həm qidalanma, həm də yuva qurma imkanlarını məhdudlaşdırır: “Bu, tək bizim yox, bütün dünyanın problemidir. Burada bir neçə amil əsas təsir edir. Birinci amil şəhərləşmə prosesidir. Şəhərləşmə həddindən artıq çoxalır, onların yaşayış massivləri və qidalanma imkanları azalır. Sərçələrin sayının azalmasının əsas səbəblərindən biri də məhz budur”.
Ekoloqun sözlərinə görə, sərçələrin qida bazasının və yuva qurmaq üçün uyğun ərazilərin azalması da onların sayına təsir edir: “Onlar adətən binaların çardaqlarında, damlarda yuva qururdularsa, artıq bu şərait yoxdur. Sərçələrin əsas qidaları buğda, dən, çörək, xırda doğranmış meyvə və tərəvəzlərdir. Şəhərlərdə kolluqların azalması da onların qida və yaşayış imkanlarını məhdudlaşdırıb. Çünki hər yerdə tikinti, evlər və digər obyektlər var”.

Sadiq Həsənov sərçələrin azalmasının biomüxtəlifliyə də təsir göstərə biləcəyini vurğulayıb: “Sərçələrin sayının azalmasının biosferdə, biomüxtəliflikdə xüsusi təsiri var. Çünki onlar adətən əkin sahələrində olan həşəratlarla qidalanırlar. Onların sayının azalması həşəratların çoxalmasına səbəb ola bilər. Xüsusən şəhərlərdə yem bazasının və yuva qurmaq imkanlarının azalması səbəbindən sərçələr başqa ərazilərə köç edirlər”.
Nigar Xəlilli
20:50 15.09.2026
Oxunuş sayı: 42