Aİ Ukraynalılar üçün müvəqqəti müdafiə rejimini 2028-ci ilədək uzatdı
Avropa İttifaqı (Aİ) Şurası Ukrayna vətəndaşları üçün Aİ ölkələrində tətbiq olunan müvəqqəti müdafiə rejiminin müddətini daha bir il uzadıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “European Pravda” məlumat yayıb.
Yeni qaydalarda hərbi xidmətdən yayınan şəxslərlə bağlı dəyişikliklər də nəzərdə tutulub.
Qərara əsasən, Ukraynalılar üçün müvəqqəti müdafiə rejiminin müddəti 4 mart 2028-ci ilədək uzadılıb.
Bununla yanaşı, bundan sonra Avropaya yeni gələn ukraynalılar müvəqqəti müdafiə statusu almaq üçün Ukraynada hərbi qeydiyyat və səfərbərlik məsələləri üzrə ərazi mərkəzləri (TCK) ilə bağlı hər hansı probleminin olmadığını təsdiqləməli olacaq.
Belə sübut kimi Ukrayna sərhədindən ölkəni qanuni şəkildə tərk etdiyini göstərən möhür və ya hərbi xidmətdən azad olduğunu təsdiqləyən sənədlər təqdim edilə bilər.
Aİ Şurası vurğulayıb ki, hərbi mükəlləfiyyətli ukraynalılar üçün yeni tələblər yalnız Avropada müvəqqəti müdafiə statusunu ilk dəfə əldə edən şəxslərə şamil olunacaq.
Artıq Avropada olan ukraynalılar isə TCK ilə münasibətlərindən asılı olmayaraq Aİ ölkələrində qalmaq imkanını qoruyacaqlar.
Ukraynalıların Avropadakı vəziyyəti
Bundan əvvəl Polşada ukraynalılara qarşı mənfi münasibətin artdığı, onlara qarşı hücumların daha tez-tez baş verdiyi və bəzi siyasətçilərlə radikal qrupların ksenofob əhval-ruhiyyəni gücləndirdiyi bildirilib.
Ekspertlər bunun real iğtişaşlara çevrilə biləcəyi barədə xəbərdarlıq ediblər. Polşa hakimiyyətinin reaksiyası isə birmənalı deyil: bəzi siyasətçilər zorakılığı pisləsə də, digərlərinin susması vəziyyəti daha da gərginləşdirir.
Sosioloq Anton Qruşetskinin sözlərinə görə, bu qış Ukraynadan kütləvi köç gözlənilmir. Onun fikrincə, ölkəni tərk etmək istəyən və buna imkanı olanların əksəriyyəti bunu hələ 2022–2023-cü illərdə edib.
Qruşetski qeyd edib ki, davam edən hücumlara və çətin şəraitə baxmayaraq, insanların böyük hissəsi nikbinliyini qoruyur, mövcud vəziyyətə uyğunlaşır və Ukraynanın qələbəsinə, eləcə də müttəfiqlərin dəstəyinə inanır.
23:52 30.07.2026
Oxunuş sayı: 40