Trampın komandası İranla bağlı əsas məsələdə ortaq qərara gələ bilməyib
ABŞ Prezidenti Donald Trampın İranla müharibə məsələsində müşavirləri və müttəfiqləri arasında vahid strategiyanın olmamasından narazı qaldığı bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝NBC News˝ məlumat yayıb.
Telekanalın məlumatına görə, Tramp milli təhlükəsizlik üzrə əsas komanda üzvləri ilə son görüşlərindən birində müzakirələr zamanı yaranan fikir ayrılıqlarına sərt reaksiya verib.
Mənbələrin sözlərinə görə, prezidentin narazılığının əsas səbəbi hərbi kampaniyanın son məqsədinin nə olması ilə bağlı fikir ayrılığı olub. Administrasiya daxilində ABŞ-nin əsas hədəfinin İranın nüvə təhlükəsinin qarşısını almaq, Hörmüz boğazına nəzarəti təmin etmək, yoxsa İranın raket və pilotsuz uçuş aparatı proqramını məhv etmək olduğu barədə vahid mövqe formalaşmayıb.
Trampın müttəfiqlərindən biri prezidentin Tehranla razılaşma əldə etməyin gözlənildiyindən daha çətin olmasından məyus olduğunu bildirib. Mənbənin sözlərinə görə, ABŞ administrasiyasında münaqişənin nə qədər davam edəcəyi və onun başa çatdırılması üçün hansı yolun seçiləcəyi ilə bağlı da aydın plan yoxdur.
ABŞ və İran arasında qarşıdurma fevralın 28-də ABŞ və İsrail qüvvələrinin İrana zərbələr endirməsindən sonra başlayıb. Tehran isə buna cavab olaraq Yaxın Şərqdə ABŞ və müttəfiqləri ilə əlaqəli hədəflərə hücum edib.
Gərginliyin artması fonunda Tramp İordaniyadakı ABŞ bazalarına raket hücumundan sonra İranın sərt zərbə alacağını bildirib. Daha sonra Pentaqon ABŞ-nin İran ərazisinə növbəti zərbələr mərhələsini başa çatdırdığını açıqlayıb.
Bununla yanaşı, Tramp daha əvvəl dəfələrlə münaqişənin diplomatik yolla həllinə və Tehranla razılaşma əldə olunmasına üstünlük verdiyini bildirib. Lakin hərbi eskalasiyanın davam etməsi onun administrasiyasında bundan sonrakı siyasətlə bağlı fikir ayrılıqlarını daha da dərinləşdirib.
23:12 30.07.2026
Oxunuş sayı: 37