Çin səfiri Cənubi Qafqazda yeni eradan danışıb
Çinin Ermənistandakı səfirliyində Çin Xalq Azadlıq Ordusunun yaradılmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Armenpress”in məlumatına görə, tədbirdə Çinin Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Li Sinvey çıxış edib.
Səfir bildirib ki, Çin Kommunist Partiyasının rəhbərliyi altında fəaliyyət göstərən Çin ordusu xalqın azadlığı və rifahı, həmçinin ölkənin müstəqilliyi və milli dirçəlişi uğrunda mübarizə aparır.
Li Sinvey Çin ordusunun əsas missiyasının yalnız milli təhlükəsizliyi təmin etmək və ölkənin milli ləyaqətini qorumaq olmadığını, eyni zamanda qlobal sülhün qorunmasına töhfə vermək, müharibələrə qarşı çıxmaq və onların qarşısını almaq olduğunu qeyd edib.
Diplomatın sözlərinə görə, Çin silahlı qüvvələri müasir silahlara, geniş döyüş imkanlarına və güclü strateji çəkindirmə potensialına malikdir. Bununla belə, Pekin təmkinli siyasət yürüdür və xüsusilə nüvə silahından ilk istifadə etməmək prinsipinə sadiq qalır.
Səfir həmçinin Çin ordusunun BMT-nin sülhməramlı və digər əməliyyatlarında, eləcə də beynəlxalq fəlakətlərin nəticələrinin aradan qaldırılması və humanitar yardım sahəsində fəal iştirak etdiyini bildirib.
Li Sinvey Çin və Ermənistanı ənənəvi dostluq münasibətlərinin bağladığını vurğulayıb.
“Biz Cənubi Qafqazda sülh, əməkdaşlıq və qarşılıqlı əlaqələrin yeni dövrünün formalaşmasını məmnuniyyətlə müşahidə edirik”, – deyə səfir bildirib.
23:20 30.07.2026
Oxunuş sayı: 34