Putinə son şans: İndi atəşkəsə razılaşmasa, tam məğlub ola bilər
İsveçin keçmiş baş naziri və xarici işlər naziri Karl Bildt hesab edir ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynada hazırkı təmas xətti üzrə atəşkəslə razılaşmalıdır.
Crossmedia.az xəbər verir ki, Bildt bunu “Kyiv Independent” üçün yazdığı məqalədə qeyd edib.
Onun fikrincə, bu, mövcud vəziyyətdə Kreml üçün ən rasional seçimdir.
Onun sözlərinə görə, Rusiyanın bütün Donbası ələ keçirmək və xüsusilə də Ukraynanın tamamını özünə tabe etdirmək cəhdi Moskvanı müharibədə tam məğlubiyyətə sürükləyə bilər.
“Əgər Vladimir Putin Ukrayna ilə müharibəsinin gedişatını soyuqqanlı şəkildə qiymətləndirsəydi, atəşkəsə can atardı. Lakin görünür, onun düşüncəsi bulanıqdır, çünki bütün əlamətlər müəyyən eskalasiyaya hazırlaşdığını göstərir. Əgər həqiqətən bu yolla getsə, vəziyyəti hamı üçün, ilk növbədə isə özü üçün daha da pisləşdirəcək”, – Bildt yazıb.
Keçmiş baş nazir qeyd edib ki, Putin 2025-ci ilin avqustunda ABŞ Prezidenti Donald Trampla Ankoricdə görüşü zamanı Vaşinqtonu Ukrayna Prezidenti Volodimir Zelenskiyə təzyiq göstərməyə inandırmağa çalışıb. Bildtin sözlərinə görə, məqsəd Ukraynanı yalnız Rusiyanın artıq işğal etdiyi ərazilərin tanınmasına deyil, həm də Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan Donbasın bir hissəsini Rusiyaya verməyə razı salmaq olub.
Bildt yazır ki, Ukraynanı bu güzəştlərə məcbur etmək mümkün olmadığından danışıqlar dalana dirənib və indi Kreml məqsədlərinə hərbi yolla çatmağa ümid edir.
“Putin hesab edir ki, mülki əhaliyə və kritik infrastruktura zərbələr endirməklə Ukraynanı tabe olmağa məcbur edə bilər. Lakin hava bombardmanları təkbaşına heç vaxt müharibə qazandırmayıb və bu, Ukraynada da dəyişməyəcək”, – Bildt vurğulayıb.
O, Rusiya ordusunun cəbhədə ilişib qaldığını və son dərəcə yavaş irəlilədiyini bildirib. Eyni zamanda, Ukraynanın Rusiya ərazisinin dərinliklərinə zərbələri artıraraq Moskvanın özünə ciddi zərər vurduğunu qeyd edib.
Bildt xüsusilə Ukraynanın işğal altındakı Krımda Rusiyanın hərbi logistikasına və infrastrukturuna endirdiyi zərbələrə diqqət çəkib. Onun fikrincə, Putin üçün əsas simvolik əhəmiyyətə Donbas deyil, məhz Krım malikdir.
Keçmiş İsveç baş naziri xatırladıb ki, 2014-cü ildə Krımın ilhaqı Putinin Rusiyadakı populyarlığını kəskin artırıb və nəticədə 2022-ci ildə genişmiqyaslı işğal üçün zəmin yaradıb.
Bildt hesab edir ki, Rusiyanın Ukraynaya qarşı müharibəyə başlayarkən qarşısına qoyduğu əsas məqsəd – bütün Ukraynanı hərbi və siyasi baxımdan özünə tabe etdirmək – artıq əlçatmazdır. Onun fikrincə, Kreml üçün ən rasional qərar hazırda atəşkəslə razılaşmaq olardı.
“Əgər o, indiki yolda davam edərsə, çox güman ki, istədiyi Donetsk vilayətinin kiçik bir hissəsini belə əldə edə bilməyəcək, lakin böyük ehtimalla Krıma nəzarəti itirəcək”, – Bildt fikrini yekunlaşdırıb.
Ukraynada müharibə: strateji ölçü
Daha əvvəl Ukrayna və ABŞ-nin yeni sülh təşəbbüsü çərçivəsində Rusiyaya hava zərbələrinin dayandırılmasını təklif etmək ideyasını müzakirə etdiyi bildirilib.
Qeyd olunub ki, Kiyevin əvvəlki analoji təklifləri Moskva tərəfindən rədd edilib. Lakin bəzi rəsmilər hesab edirlər ki, Ukraynanın Rusiya ərazisinə zərbələri nəticəsində yaranan iqtisadi təzyiq Putini daha böyük güzəştlərə getməyə vadar edə bilər.
Rusiya isə hələlik bu ideya ilə bağlı şərh verməkdən çəkinir. Kremlin sözçüsü Dmitri Peskov məlumatların media xəbərlərinə bənzədiyini və hazırkı mərhələdə onları şərh etməyin vaxtından əvvəl olduğunu bildirib.
Peskov əlavə edib ki, Moskvanın istənilən yeni sülh təşəbbüsünə münasibəti həmin təkliflərin Kremlin maraqlarına uyğun olub-olmamasından asılı olacaq.
23:28 30.07.2026
Oxunuş sayı: 48