Gizli təhlükə: HİV Azərbaycanda yayılır?
BMT-nin açıqlamasına görə, 2025-ci ildə dünyada daha 1,2 milyon nəfərə HİV infeksiyası diaqnozu qoyulub. Təşkilat xəbərdarlıq edir ki, profilaktika proqramlarının maliyyələşdirilməsinin azalması səbəbindən təcili tədbirlər görülməzsə, 2030-cu ilədək dünyada yeni HİV-ə yoluxma hallarının sayı 3 milyonu keçə bilər. Qlobal miqyasda səsləndirilən bu xəbərdarlıq fonunda Azərbaycanda HİV infeksiyasının mövcud vəziyyəti, yoluxma dinamikası və risk amilləri də gündəmə gəlir.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında səhiyyə eksperti Rasif Bağırov bildirib ki, HİV infeksiyası, yəni qazanılmış immun çatışmazlığı sindromuna səbəb olan virusla yoluxma halları əsasən insanların qorunma qaydalarına əməl etməməsi ilə bağlı olur: “Riskli davranışlar və profilaktik tədbirlərə laqeyd yanaşma bu xəstəliyə yoluxma ehtimalını artırır. HİV-in ən geniş yayılma yollarından biri cinsi əlaqədir. Xüsusilə qorunmadan baş verən və qeyri-ənənəvi cinsi münasibətlər zamanı yoluxma riski daha yüksək olur. Çünki bu hallarda selikli qişaların zədələnməsi və virusun qana keçməsi daha asan baş verə bilər. Ənənəvi cinsi əlaqələr zamanı da yoluxma mümkündür, lakin risk səviyyəsi fərqli olur.
HİV-in digər yoluxma yollarından biri anadan uşağa keçmədir. Virus hamiləlik dövründə, doğuş zamanı və ya ana südü ilə uşağa ötürülə bilər. Lakin müasir tibbin imkanları, xüsusi preparatların tətbiqi və vaxtında müalicə nəticəsində bu risk əhəmiyyətli dərəcədə azaldıla bilir.
Qan yolu ilə yoluxma halları da mümkündür. Hazırda qan köçürülməsi zamanı bütün donor qanlarının yoxlanılması səbəbindən bu risk minimuma endirilib. Bununla belə, tibbi prosedurlar zamanı steril qaydalara əməl olunmaması, bəzi kosmetoloji prosedurlarda, döymə zamanı və ya steril olmayan alətlərdən istifadə edildikdə yoluxma ehtimalı yarana bilər”.
Ekspert qeyd edib ki, HİV-dən qorunmaq üçün əsas məsələ maarifləndirmə və profilaktik tədbirlərdir:
“İnsanlara bu xəstəlik barədə mütəmadi məlumat verilməlidir. Çünki maarifləndirmə azaldıqda insanlar qorunma qaydalarını unuda və riskli davranışlara yol verə bilərlər. Hazırda HİV infeksiyasının tam müalicəsi olmasa da, xəstəliyin inkişafını dayandırmaq və virusu nəzarətdə saxlamaq mümkündür. Buna görə də qoruyucu vasitələrdən istifadə etmək, mütəmadi tibbi müayinələrdən keçmək və vaxtında analiz vermək vacibdir. Bəzən ailə daxilində də tərəflərdən biri HİV daşıyıcısı olduğunu bilməyə bilər. Bu səbəbdən vaxtında müayinələrdən keçmək həm şəxsin özü, həm də yaxınlarının sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. HİV öpüşmə, qucaqlaşma, eyni qab-qacaqdan istifadə və gündəlik sosial təmaslarla keçmir. Virus əsasən qan, qorunmamış cinsi əlaqə və anadan uşağa ötürülmə yolu ilə yayılır. Buna görə əsas müdafiə yolu məlumatlı olmaq, qorunma qaydalarına əməl etmək və mütəmadi yoxlanışdan keçməkdir”.
Məhəbbət Tərlanoğlu
20:00 30.07.2026
Oxunuş sayı: 52