İraq Türkiyəyə müraciət edib: Rəsmi Ankara sabitlik naminə hərəkətə keçir
Son günlər Türkiyə ilə İraq arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı açıqlamalar regionda geniş müzakirə olunur. Ekspertlər hesab edirlər ki, Suriyada baş verən son proseslərdən sonra Türkiyənin regiondakı təsir imkanları daha da artıb və bu, qonşu ölkələrlə hərbi-siyasi əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir.

Mövzu ilə bağlı Crossmedia.az-a danışan jurnalist, Qarabağ qazisi Rey Kərimoğlu bildirib:
"Bildiyiniz kimi, bir neçə gün əvvəl İraqın Baş naziri Türkiyədə oldu, Prezident Rəcəb Tayyib Ərdoğanla görüşdü və bir sıra sazişlər imzalandı. Əslində, Suriyada baş verən hadisələr bir daha göstərdi ki, Türkiyə regionda ciddi gücə və söz sahibinə çevrilib. Türkiyə artıq müxtəlif layihələr həyata keçirə bilir. Rəsmi Ankara böyük dövlətlərlə müəyyən məsələlərdə ortaq məxrəcə gəlmək imkanına malikdir. Təkcə layihələr deyil, Suriyada Bəşər Əsəd rejiminin devrilməsində də Türkiyənin mövqeyi və verdiyi ciddi dəstək mühüm rol oynadı. Bu gün Suriyada normallaşma prosesi gedir. Düzdür, dövlət quruculuğu və tam sabitliyin bərqərar olması üçün hələ uzun illər tələb olunacaq. Ancaq görünən odur ki, Türkiyə regiondadır və imkanları çatan dəstəyi verməyə davam edir.
İraqın da müəyyən sahələrdə ehtiyacları var və görünür, bununla bağlı Türkiyəyə müraciət olunub. Türkiyənin hərbi gücü və müdafiə sənayesi potensialı gündən-günə artır. İraq istədiyi təqdirdə, regional vəziyyət və mövcud şərtlər nəzərə alınmaqla Türkiyə müdafiə sənayesinin imkanlarından faydalana bilər. Bu, həm də Türkiyənin haqqıdır. Artıq Türkiyə çox böyük hərbi qüdrətə malik dövlətdir. İnşallah, İraq dövləti də bu imkanlardan faydalana biləcək.
Türkiyəyə uğurlar arzulayırıq. İnanıram ki, Türkiyə bundan sonra da daha da güclənəcək, regionda söz sahibi kimi mövqeyini uzun illər qoruyacaq. Türkiyə olan yerdə ədalət, barış və sülh olur. İnşallah, Türkiyənin regiondakı mövcudluğu genişləndikcə sülhün bərqərar olması da daha da sürətlənəcək".
Zeynəb Həsən
12:30 30.07.2026
Oxunuş sayı: 45