Botoks əməliyyatları “saatlı bomba” ya çevrilib: Həkim səbəbləri açıqladı
Son günlər Azərbaycanda botoks prosedurlarından sonra ciddi sağlamlıq problemləri ilə üzləşdiyini bildirən vətəndaşların paylaşımları geniş ictimai rezonans doğurub. Sosial şəbəkələrdə yayılan iddialarda üz və ətraf əzələlərinin zəifləməsi, nitq pozuntuları, tənəffüs çətinliyi və digər ağır fəsadlardan bəhs olunur. Bu vəziyyət ölkəyə idxal edilən botoks preparatlarının keyfiyyəti, onların dövriyyəsinə dövlət nəzarəti, eləcə də estetik tibbi xidmətlərin təhlükəsizlik standartları ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb.

Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla Crossmedia.az-a açıqlamasında bildirib ki, kosmetologiyada hazırda bir çox yeni və müasir preparatlar mövcuddur:
"Kosmetologiyada fotodinamik terapiyada istifadə olunan, revitalizasiya yaradan, dolğu məqsədilə tətbiq edilən preparatlarla yanaşı, müəyyən dozada istifadə olunan botulinum toksini – botoks da geniş yayılıb".
A.Qeybulla bildirib ki, bəzi preparatların istifadəsi ciddi tibbi nəzarət tələb edir:
"Ümumiyyətlə, biogel adlandırılan adi gellərin nativ toxumaya vurulması dünyada qadağandır. Azərbaycanda isə bəzi hallarda kosmetoloq adlandırılan şəxslər tərəfindən bu preparatlardan istifadə edilir. Lakin dünyada buna icazə verilmir. Botulinum toksininin yalnız peşəkar mütəxəssislər tərəfindən tətbiq edilməli olduğunu vurğulayıb. Botulinum toksinindən peşəkar kosmetoloq istifadə etməlidir. Onun tətbiqi üçün göstərişlər olmalıdır və əvvəlcədən pasiyentə izah edilməlidir. Bu preparatdan təsadüfi və nəzarətsiz şəkildə istifadə etmək olmaz.
Botulinum toksini həll olunduqdan sonra dərhal vurulmalıdır. Bəzi hallarda onu həll edib çantada saxlayır, xəstə tapdıqda isə həmin preparatdan istifadə edirlər. Bu zaman aseptika və antiseptika qaydaları pozulur və preparat bir müddət sonra inaktivləşərək təsir effektini itirir. Buna görə də belə hallar baş verir''.
A.Qeybulla hesab edir ki, bu sahədə nəzarət mexanizmlərinin gücləndirilməsi vacibdir:
"Hesab edirəm ki, bütün bu halların qarşısını almaq üçün mütləq akkreditasiya və lisenziya sistemi tətbiq edilməlidir. Nə qədər ki, bu lisenziya sistemi yoxdur, yüzlərlə qayda qoyulsa belə, onların heç bir faydası olmayacaq''.
Zərnigar Hüseynli
15:30 29.07.2026
Oxunuş sayı: 47