Çin süni intellektlə bağlı vacib qərar qəbul etdi: Azərbaycanı nə gözləyir?
Süni intellektin sürətlə inkişaf etdiyi bir dövrdə bu texnologiyanın necə idarə olunacağı dünya ölkələrinin əsas müzakirə mövzularından biridir. Çin Xalq Respublikasının sədri Si Cinpin də bu məsələ ilə bağlı ölkəsinin mövqeyini açıqlayıb. O bildirib ki, süni intellekt üzərində effektiv qlobal nəzarət mexanizmləri yaradılmalı və texnologiyanın inkişafı insanlığın rifahına xidmət etməlidir. Çin liderinin sözlərinə görə, bu sahədə beynəlxalq əməkdaşlıq gücləndirilməli, eyni zamanda müxtəlif xalqların mədəni dəyərləri qorunmalıdır. Bu yanaşma Azərbaycanın da rəqəmsallaşma və süni intellekt sahəsində həyata keçirdiyi təşəbbüslər fonunda diqqət çəkir. Çünki ölkəmiz də yeni texnologiyaların təhlükəsiz, məsuliyyətli və insan maraqlarına uyğun şəkildə tətbiqini prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib.

İKT üzrə mütəxəssis Elvin Abbasov Çinin süni intellektin qlobal idarə olunması ilə bağlı irəli sürdüyü təşəbbüsün mümkün nəticələrini və bunun Azərbaycana təsirlərini Crossmedia.az-a açıqlama verib.
O, qeyd edib ki, Çin lideri Si Cinpinin süni intellektin inkişafının insan müdrikliyi ilə istiqamətləndirilməsi və qlobal nəzarət mexanizminin yaradılması barədə təklifi, texnologiyanın geosiyasi güc alətinə çevrildiyi bir dövrdə beynəlxalq gündəmin ən strateji mövzularından biridir:
"Bu təşəbbüsün praktik baxımdan reallaşma imkanları mürəkkəb qlobal maraqların toqquşması fonunda qiymətləndirilməlidir və bu proses Azərbaycan üçün həm çağırışlar, həm də yeni imkanlar vəd edir. Praktik icra baxımından, süni intellekt üzərində vahid qlobal nəzarət mexanizminin yaradılması ideyası olduqca çətin və ziddiyyətli bir prosesdir. Hazırda dünya bu sahədə qütbləşib; ABŞ və Qərb blokunun rəqəmsal liberalizm və insan hüquqları mərkəzli yanaşması ilə Çinin dövlət nəzarətinə və kollektiv təhlükəsizliyə əsaslanan modeli arasında dərin konseptual fərqlər var. Nüvə silahlarına nəzarət edən MAQATE tipli vahid bir qlobal qurumun süni intellekt üçün yaradılması cəlbedici görünsə də, aparıcı güclərin texnoloji üstünlüyü əldən vermək istəməməsi və bu texnologiyanın hərbi məqsədlərlə inteqrasiyası bu cür universal sazişlərin real olaraq tətbiqini ləngidir. Bununla belə, Birləşmiş Millətlər Təşkilatı səviyyəsində tənzimləyici çərçivələrin hazırlanması və müəyyən etik standartların qəbulu platforması kimi bu təşəbbüs beynəlxalq hüquqi sənədlərin yaranmasına təkan verə bilər".
Mütəxəssis hesab edir ki, Azərbaycan bu qlobal prosesə indidən hazırlaşmaq və rəqəmsal suverenliyini qorumaq üçün daxili ekosistemini gücləndirməli və sistemli addımlar atmalıdır:
" İlk növbədə, ölkəmiz beynəlxalq səviyyədə formalaşan yeni süni intellekt hüququ və tənzimləmə trendlərinə, o cümlədən Avropa İttifaqının və digər qlobal güclərin qanunvericilik təcrübələrinə uyğun olaraq öz milli hüquqi bazasını və etik kodeksini hazırlamalıdır. Eyni zamanda, milli Süni İntellekt Strategiyasının icrası çərçivəsində dövlət və özəl sektorun kibertəhlükəsizlik dayanıqlığı artırılmalı, kritik infrastrukturun kənar alqoritmik asılılığı minimuma endirilməlidir. Bu istiqamətdə regional əməkdaşlıq platformalarında, xüsusən də tranzit və logistika qovşağı kimi rəqəmsal dəhliz layihələrində Azərbaycanın aktiv iştirakı rəqəmsal diplomatiyamızı gücləndirə bilər. Digər ən mühüm istiqamət isə insan kapitalının hazırlanması və elmi-praktik potensialın gücləndirilməsidir. Qlobal tənzimləmə va nəzarət mexanizmlərində Azərbaycanın söz sahibi olması üçün ölkədə yerli dil modellərini, milli alqoritmləri anlayan və inkişaf etdirən yüksək ixtisaslı kadr korpusu formalaşdırılmalıdır. Universitetlərdə süni intellekt mühəndisliyi, data analitikası və kiber-hüquq sahələri üzrə hazırlıq proqramları genişləndirilməli, startap ekosistemi dəstəklənməlidir. Yalnız rəqəmsal savadlılığı və texnoloji yetkinliyi yüksək olan, öz daxili həllərini istehsal edə bilən cəmiyyətlər gələcəyin qlobal süni intellekt nizamında öz müstəqilliyini və iqtisadi maraqlarını tam təmin edə biləcəklər".
Beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli isə açıqlamasında qeyd edib ki, informasiya texnologiyalarının həlledici sahəyə çevrilməsi burada əsas vəzifələrdən biri kimi müəyyənləşdirilib:
"Qarşıya qoyulan əsas məqsəd isə 2030-cu ilədək bu sahədə üstünlüyün əldə edilməsidir. İran üçün aktiv hərbi əməliyyatlar, döyüşlər və qanlı qarşıdurmalardan daha çox casusluq və kibertəxribat istiqamətində üstünlük qazanmaq daha önəmli hesab olunur. Bu yanaşma mövcud şərait baxımından təbii hesab edilə bilər".
Turqut Ansari
14:50 25.07.2026
Oxunuş sayı: 57