İranın narkotik ticarəti və narkomaniya problemi
İran İslam Respublikasının Səhiyyə Nazirliyinin verdiyi məlumata görə İranda rəsmi qeydiyyata alınmış 3 milyon 800 min nəfər narkotik aludəçisi (mootad) vardır. Bu rəsmi məlumat olsa da təxminən ölkə əhalisinin 5 faizini təşkil edir. Ölkənin cənub, cənub-şərq və şərq regionları rəsmi olaraq narkotikdən “çirklənmiş regionlar” (məntəqeyi-aludə) elan edilib və bu regionların bütün kommunikasiyaları dövlət nəzarəti altına alınıb.
Mütəxəssislər hesab edir ki, qeyri-rəsmi məlumatlara görə narkotik aludəçilərinin sayı iki dəfə artıqdır, narkotik İranın bütün regionlarında sosial problemdir və dövlət bu problemi görmək istəmir. Əslində əhalinin on faizindən çoxu sistemli olaraq narkotik istifadəçisidir. Narkotiklə çirklənmiş ərazilər olaraq İranın cənub-şərq regionları nəzərdə tutulur. Bu regionlar eyni zamanda əhalinin sünnü olan məntəqələridir və belə hesab edilir ki, “dövlət bu regionlardan narkotik vasitəsi ilə intiqam alır”.

Yalnız Tehran şəhərində qırx narkotik maddə ilə yoluxmuş məhəllələr aşkar edilib. Narkotik asılılarının həbsxanalarda təcrid olunması və ayrıca saxlanılması layihəsi üzərində işləyirlər. Fəşafoye həbsxanasında 10.000 narkotik aludəçisinin digər məhbuslardan təcrid olunması üçün səylər göstərilir.
Eləcə də İranda narkotik aludəçilərindən hər il ölən və reabilitasiya olunanlar haqqında da statistik məlumat verilmir. Hesab edilir ki, ölkənin narkomaniya problemi İran İslam Respublikasının sosial siyasətinin “qaranlıq arxa bağçasıdır”. İstədikləri zaman narkomaniya problemini əsas götürərək fərqli və repressiv qərarlar verə bilərlər.
Narkotik məhsulunın elmi təsnifi və problemlə elmi əsaslarla məşğul olmaq tendensiyaları görünmür. Sintetik narkotiklərin ölkəyə hansı kanallarla daxil olması, narkomaniya ilə mübarizədə hansı müasir müalicə metodlarının tətbiqi, dünya təcrübəsinin öyrənilməsi əlamətləri də görsənmir. Hələ bir molla desə ki, “bu adam tövbə edib”, deməli onu həbsdən də məcburi müalicədən də azad edəcəklər.
Diqqəti cəlb edən odur ki, İranda narkotik istidafəçilərinin yaş göstəriciləri də fərqlidir. Cəmiyyətin bütün sosial qruplarından, qadın və kişi narkotik qəbul edir və cəmiyyətdə bu ictimai qınaq mövzusu deyil. Gənclərin erkən yaşlarından narkotik istifadəçisi olması onların sosial reabilitasiya imkanlarını da məhdudlaşdırır. Belə bir durumda ölkənin çox sayda din xadimləri problemə münasibət bildirmirlər. Hətta bir sıra “üzdəniraq” din adamları alkoqolu haram, narkotiki “məkruh” hesab edərək problemi ictimailəşdirməyin də lazımsız olduğunu bildirirlər.
İranın bəzi cənub regionlarında narkotik ailə daxilində kütləvi istifadə olunur və narkotiklə kütləvi mərasimlər, məclislər keçirirlər. Bəzi regionlarda narkotik tərkibli məhsulları ənənəvi narkotik və kimyəvi narkotiklərə bölürlər və ənənəvi narkotikin istifadəsini normal qəbul edirlər.
İranın Narkotiklərlə Mübarizə İdarəsinin baş katibinin müavini Tehranda 40 narkotik maddə ilə yoluxmuş yer aşkar edildiyini bildirib və deyib: "Əsas vəzifəmiz narkotik asılılarını toplamaq deyil, toplandıqdan sonra onları saxlamaqdır". Narkotiklərlə çirklənmiş yerlərdən narkotik asılılarının toplanması ilə bağlı keçirilən mətbuat konfransında Əlireza Cesini bildirib: "Tehran Bələdiyyəsi ilə koordinasiya qurulub və indiyə qədər çirklənmiş yerlərdən toplanan 6800 nəfəri yerləşdirə bilmişik. Biz bu məkanı genişləndirməyə çalışırıq və Tehranda artıq 10.000 nəfər üçün yer hazırlanıb".
Paytaxtda əsas narkotik istafadəçilərinin cəmləşmə mərkəzləri Fərəhzad və Sorxesar kimi rayonlardır. Bundan əlavə, ölkə daxilində 2700-dən çox narkotiklə çirklənmiş ərazi rəsmi məqamlar tərəfindən müəyyən edilib. Gənclərin işsizliyi, ümüdsizlik, sosial bərabərsizlik və marjinal ərazilərə dövlətin zəif nəzarəti kimi əsas amillər bu problemin müxtəlif bölgələrə yayılmasında mühüm rol oynayır.

İran ekspertləri hesab edirlər ki, bu narkotik istifadəçisi olan insanlar gündə 5 qram narkotik məsrəf edərlərsə ayda 570 ton narkotik tərkibli məhsul tələb olunur. "Kim ölkəyə bu qədər narkotik gətirir?" mövzusu hələ də İranda müzakirə obyektidir. Bu qədər məhsulun bazar qiyməti 6 milyard 200 milyon dollar təşkil edir və dövlətin güc strukturları bu işdə aktiv iştirak edirlər.
Narkobaronlar SEPAH zabitlərinin himayəsi ilə ölkəyə narkotik vasitələri gətirir, satışını təşkil edir və istehlak bazarına nəzarət edirlər. Hər bir SEPAH zabitinin arxasında titullu dini xadim, molla durur. Bu mollalar həbs olunmuş narkomana ölüm hökmü də verə bilər, 6 ay məcburi müalicə cəzası da verə bilər. Bu məsələlər qanunla deyil din xadiminin baxışları ilə tənzimlənir. Məsələn, 100 qram narkotikə görə edam edilmiş məhbuslar da var, 100 kq narkotik üçün 6 ay “müalicə” olunan da var.
Urmiyada həm şəhər, həm də kənd yerlərində narkotiklə çirklənmiş ərazilərin mövcudluğundan danışan vali bildirib ki, Urmiyada şəhər yerlərində 22, kənd yerlərində isə 20 narkotiklə çirklənmiş ərazilər müəyyən edilib.
Urmiyə valisi qeyd edir ki, "Urmiyada mövcud «16-cı maddə» düşərgələrinin tutumu kişilər üçün 130, qadınlar üçün isə 20 nəfərdir. Urmiyada 397 nəfərlik tutumu olan yeddi özəl mərkəz fəaliyyət göstərir".

SEPAH-ın region ölkələrinə və dünyanın digər bölgələrinə narkotik daşınmasında rolu müxtəlif dövrlərdə müzakirə obyekti olub. 2008-ci ildə Əl-Şərqiyyə televiziyası, Beynəlxalq Narkotiklərə Nəzarət Şurasının hesabatına istinadən, "İraq heroin tranzit ölkəsinə çevrilib" xəbərini elan etdi. Mövcud məlumatlar göstərir ki, İraq-İran sərhədi Fars körfəzi ölkələri, Türkiyə və Bolqarıstana narkotik qaçaqmalçılığı üçün bir qapıdır. İraq daxili işlər nazirinin müşavirlərindən biri öz müsahibəsində deyir: "İraqa daxil olan narkotiklərin əsas mənbəyi İrandır''. (Əl-Zaman International, Dekabr 2008)
SEPAH üzvlərinin həbsi və narkotiklərin müsadirə edilməsi hadisələri də vaxdaşırı dünya mediasında səsləndirilir. 2010-cu ilin noyabr ayında Nigeriya hökumət rəsmiləri İrandan Nigeriyaya gələn bir karqoda 130 kiloqram heroin aşkar etdiklərini açıqladılar. Nigeriya təhlükəsizlik qüvvələri Əzim Ağacani və Seyid Əhməd Təhmasbinin adlarını çəkərək rəsmi olaraq Qüds Qüvvələrini (İİKK-nın gizli xarici əməliyyat bölməsi - red.) Nigeriyaya narkotik qaçaqmalçılığından məsul kimi təqdim etdilər.
2017-ci ilin aprel ayında İtaliya hakimiyyəti SEPAH-ın Qüds Qüvvələri ilə əlaqəli və Avropa Birliyinə narkotik qaçaqmalçılığı ilə məşğul olan bir şəbəkəni aşkar etdi. İtaliya təhlükəsizlik mənbələri bildirib ki, "bu şəbəkəyə İraq və Türkiyə vasitəsilə İtaliyaya, oradan isə Avropaya narkotik qaçaqmalçılığında iştirak edən SEPAH komandiri Qulamrza Bağbaninin rəhbərliyi altında İraqın Haşd əl-Şəabi milisi ilə əlaqəli doqquz iraqlı daxildir''.
3 avqust 2017-ci ildə Reuters agentliyi İran hökumətinin sözçüsünə istinadən bildirib ki, "SEPAH Yəməndə husi milislərini narkotiklə maliyyələşdirir". Başqa bir nümunə olaraq, 28 mart 2019-cu ildə Hindistan hökumətinin sahil mühafizəsi Qucarat sahillərində bir neçə SEPAH agentini 100 kiloqram heroinlə həbs edib. 2020-ci ilin avqust ayında Rumıniya SEPAH-ın nəzarətində olan Suriyanın Latakiya limanından gəmi ilə ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən ən böyük narkotik partiyasını ələ keçirib.
17 noyabr 2011-ci ildə "The Times" qəzeti İranda və xaricdə narkotik ticarətində SEPAH-ın mərkəzi rolunu ifşa edən bir məqalə dərc etdi. Orada yazırdı: "Narkotik ticarəti hazırda İranda narkotik satışında inhisara sahib olan və dünyanın hər yerindəki cinayətkar şəbəkələrlə əlaqəli olan SEPAH üçün hər il milyardlarla dollar gəlir gətirir''.
BMT-nin hesablamalarına görə, İrana hər gün 10 tonlarla narkotik idxal olunur ki, bunların əksəriyyəti SEPAH tərəfindən daxili bazara paylanır. Narkotik asılılığının yayılması hökumətin İran gənclərini məhv etmək strategiyalarından biridir.
SEPAH-ın keçmiş komandiri Möhsün Rzayi əvvəllər bu məsələ ilə bağlı demişdi: "Narkotik ticarətinin baş verdiyi sərhəd müəyyən bir sərhəddir, bu ticarət yox olmayacaq və ölkədə narkotik ticarəti yalnız hakimiyyət institutu ilə narkotik qaçaqmalçıları arasında əlaqə kəsildikdə aradan qaldırılacaq".
Narkotik qaçaqmalçılığından əldə edilən gəlirdən nüvə layihəsinin maliyyələşdirilməsi üçün də istifadə olunur. SEPAH-ın əsas narkotik qaçaqmalçılığı qalmaqallarından biri 1994-cü ildə Almaniyada üzə çıxdı. O zaman rejimin Avropada narkotik satışından əldə edilən narkotik gəlirlərindən atom bombası istehsalı üçün uran da daxil olmaqla nüvə avadanlığı almaq və qaçaqmalçılıq yolu ilə daşıdığı aşkar edilmişdi.
Bu şəbəkə, narkotik alıcısı kimi fəaliyyət göstərən alman gizli agentlərinin Almaniyadakı Vilayət-e-Fəqih sisteminin agentləri ilə əlaqə qurduğu zaman aşkarlandı. Bu narkotik və radioaktiv maddə qaçaqmalçılığı şəbəkəsinin operatorlarından biri Xamenei rejiminin keçmiş neft nazirinin müavini, Həbib Elahi adlı bir şəxs olduğu məlum oldu.
16:30 25.07.2026
Oxunuş sayı: 64