Qəhvə və çay ömrü uzada bilər – alimlərdən yeni araşdırma
Qəhvə, yaşıl və qara çayın müntəzəm qəbulunun insan ömrünü uzada biləcəyi müəyyən edilib. Alimlər bir neçə genişmiqyaslı elmi araşdırmanın nəticələrini təhlil etdikdən sonra bu qənaətə gəliblər.
Crossmedia.az xəbər verir ki, bu barədə “TechInsider” məlumat yayıb.
“UK Biobank” məlumatlarına əsasən, hər gün 1-2 fincan qəhvə içən insanların orta hesabla daha uzun ömür sürdüyü müşahidə olunub. Asiya ölkələrində aparılan araşdırmalar isə gündə 5 fincana qədər qəhvə qəbul edən insanlarda bütün səbəblərdən ölüm riskinin 28 faiz daha aşağı olduğunu göstərib.
Mütəxəssislər bu təsiri qəhvənin tərkibindəki kofein və polifenolların orqanizmə təsiri ilə izah edirlər.
Araşdırmalara görə, yaşıl çay da ürək-damar xəstəlikləri və bəzi xərçəng növlərinin yaranma riskini azaltmağa kömək edə bilər. Onun əsas faydalı komponentlərindən biri epiqallokatexin qallat (EGCG) hesab olunur. 2025-ci ildə aparılan meta-analiz bu maddənin müntəzəm qəbulunun bəzi xərçəng növlərinin yaranma ehtimalını azaltdığını göstərib.
Qara çayın da sağlamlığa müsbət təsirləri olduğu bildirilib. Onun müntəzəm istifadəsi arterial təzyiqin və “pis” xolesterinin səviyyəsinin azalmasına kömək edə bilər. Bundan əlavə, yaşlı insanlarda koqnitiv qabiliyyətlərin zəifləməsi prosesini yavaşlatdığı qeyd olunur.
Alimlərin fikrincə, gündə iki fincandan çox çay içən insanlarda ölüm riski 9-13 faiz aşağı ola bilər.
Tədqiqatçılar bitki çaylarının da faydalı olduğunu vurğulayıblar. Nanə çayı bağırsaqların fəaliyyətini yaxşılaşdırmağa, çobanyastığı çayı yuxu keyfiyyətini artırmağa, hibiskus çayı isə arterial təzyiqi müəyyən qədər azaltmağa kömək edə bilər.
Araşdırmada həmçinin çaya əlavə edilən südün zərərli olduğu barədə geniş yayılmış fikrin doğru olmadığı bildirilib.
02:13 22.07.2026
Oxunuş sayı: 55