Oğlan uşaqlarımızın sağlamlığına daha diqqətli olaq!
Son dövrlərdə sosial şəbəkələrdə, televiziya proqramlarında və gündəlik həyatımızda müxtəlif davranış xüsusiyyətləri ilə diqqət çəkən oğlan uşaqları və gənclər haqqında çox danışılır. Bəzən onların danışıq tərzi, hərəkətləri, geyim seçimi və davranışları cəmiyyətdə müzakirələrə səbəb olur.

Doktor Məlahət Hümmətqızı Crossmedia.az-a açıqlamasında bildirib ki, oğlan uşaqlarında davranış xüsusiyyətləri ilə tibbi problemlər bir-birinə qarışdırılmamalı, valideynlər isə hər hansı narahatlıq yarandıqda uşağı qınamaq əvəzinə mütəxəssisə müraciət etməlidirlər.
Ekspert vurğulayıb ki, oğlan uşağının qadınsayağı danışması, gülməsi, hərəkət etməsi və ya özünü ifadə etməsi avtomatik olaraq xəstəlik kimi qiymətləndirilə bilməz:
"Bu cür xüsusiyyətləri 'mütləq müalicə olunmalıdır' kimi təqdim etmək doğru deyil. Uşağı danlamaq, alçaltmaq, zorla dəyişdirməyə çalışmaq və ya onu cəmiyyətdən təcrid etmək ciddi psixoloji problemlərə səbəb ola bilər".
Onun sözlərinə görə, valideynləri narahat etməli olan əsas məqam davranış deyil, fiziki və hormonal dəyişikliklərdir:
"Əgər yeniyetməlik dövründə oğlan uşağında döş vəzilərinin nəzərəçarpacaq dərəcədə böyüməsi, qadın tipli fiziki dəyişikliklər, cinsi inkişafın ləngiməsi və ya digər hormonal əlamətlər müşahidə olunarsa, mütləq həkimə müraciət edilməlidir. Bu hallarda pediatr, endokrinoloq və lazım gəldikdə digər mütəxəssislər tərəfindən müayinə aparılmalıdır".
Doktor qeyd edib ki, yeniyetmə oğlanlarda müşahidə olunan ginekomastiya bəzi hallarda hormonal dəyişikliklərlə əlaqədar müvəqqəti hal ola bilər:
"Bəzi hallarda bu vəziyyət zamanla öz-özünə geriləyir. Lakin səbəbin hormonal pozğunluq, bəzi dərmanlar, artıq çəki və ya başqa tibbi amillərlə bağlı olub-olmadığını yalnız həkim müayinəsi müəyyən edə bilər".
M.Hümbətqızı bildirib ki, valideynlər internetdəki təsadüfi məlumatlara əsaslanmamalı və uşağa psixoloji təzyiq göstərməməlidirlər:
"Uşağı utandırmaq, 'niyə belə olmusan?' deyə qınamaq doğru yanaşma deyil. Ən düzgün yol vaxtında pediatra və ya endokrinoloqa müraciət etməkdir".
Ekspert hesab edir ki, bu mövzuda cəmiyyətin maarifləndirilməsinə daha çox ehtiyac var:
"Valideynlər bilməlidirlər ki, yeniyetməlik dövründə hansı dəyişikliklər normal fizioloji prosesdir, hansı əlamətlər isə tibbi müayinə tələb edir. Televiziya proqramlarında, məktəblərdə və maarifləndirmə layihələrində bu məsələlərə daha geniş yer verilməlidir".
Doktor sonda vurğulayıb ki, uşaqların fiziki və psixoloji inkişafı düzgün qiymətləndirilməli, hər fərqli davranış xəstəlik kimi təqdim edilməməli, eyni zamanda real hormonal problemlər də diqqətdən kənarda saxlanılmamalıdır:
"Sağlam cəmiyyət problemləri gizlətməklə deyil, onları düzgün anlayıb vaxtında həll etməklə formalaşır. Valideynlər uşaqlarında narahatlıq doğuran fiziki və ya inkişafla bağlı dəyişikliklər müşahidə etdikdə onları danlamaq əvəzinə vaxtında mütəxəssisə müraciət etməlidirlər".
10:00 21.07.2026
Oxunuş sayı: 121