Yaşlandıqca sümükləri qoruyan ən faydalı 5 məhsul
Süd uzun illərdir möhkəm sümüklər üçün əsas kalsium mənbəyi hesab olunur. Lakin mütəxəssislər bildirirlər ki, orqanizmi bu vacib mineralla təmin edən başqa qidalar da var.
Crossmedia.az xəbər verir ki, Health nəşri sümüklərin sağlamlığını qorumağa kömək edən ən faydalı beş məhsulun siyahısını təqdim edib.
Siyahının ilk sırasında kələm növləri – xüsusilə keyl və bok-çoy yer alır. Bu tərəvəzlərdəki kalsium orqanizm tərəfindən yaxşı mənimsənilir. Bundan əlavə, onlar maqnezium və K vitamini ilə zəngindir ki, bu da sümüklərin minerallaşmasına və osteoporozdan qorunmasına kömək edir.
Konservləşdirilmiş sardina və qızılbalıq da sümüklər üçün faydalı hesab olunur. Xüsusilə balığın sümüyü ilə birlikdə istehlakı orqanizmə kalsium, D vitamini, zülal və omeqa-3 yağ turşuları qazandırır.
Mütəxəssislər tofu məhsulunu da tövsiyə edirlər. Kalsium duzları ilə hazırlanan tofu həm kalsium, həm də keyfiyyətli zülal mənbəyidir. Onun tərkibində A vitamini, dəmir və manqan da mövcuddur.
Sümüklərin möhkəmlənməsinə kömək edən digər məhsullar isə badam, küncüt və çia toxumlarıdır. Bu qidalar kalsiumla yanaşı, maqnezium, fosfor və B qrupu vitaminləri ilə zəngindir.
Siyahını edamame – yetişməmiş soya paxlası tamamlayır. Bu məhsul kalsium, maqnezium, fosfor və A, E, K vitaminləri ilə zəngindir. Araşdırmalara görə, edamamenin müntəzəm istifadəsi, xüsusilə qadınlarda osteoporoz riskinin azalmasına kömək edə bilər.
Mütəxəssislər vurğulayırlar ki, sağlam və güclü sümüklər üçün təkcə süd məhsullarına deyil, müxtəlif qida mənbələrinə üstünlük vermək daha faydalıdır.
01:50 20.07.2026
Oxunuş sayı: 73