Meşə yanğınları problemi: Dünya niyə rahat nəfəs ala bilmir?
Nəfəs aldığımız hava hüdud tanımır. Son dövrlərdə Kanadada alovlanan meşə yanğınlarının tüstüsünün minlərlə kilometr uzaqdakı ABŞ şəhərlərinin səmasını necə narıncıya boyadığını, milyonlarla insanın nəfəsini necə kəsdiyini hamımız dəhşətlə izlədik. Təbiətin çəkdiyi bu "ah" göstərdi ki, meşə yanğınları artıq lokal bir yerli problem deyil, bütün dünyanı bürüyən böyük bir fəlakətdir.
Alovlar təkcə ağacları yandırmır: planetin ağciyərlərini sarıb küllərə döndərir, neçə-neçə canlı növünün evini xaraba qoyur və minlərlə insanın səhhətini təhlükəyə atır. Bu gün şahidi olduğumuz bu səhnələr sadəcə təbii fəlakət deyil, bu, təbiətin insana etdiyi açıq bir xəbərdarlıqdır.
Məsələ ilə bağlı ekoloq İlqar Xəlilov Crossmedia.az-a açıqlama verib:

"Yanğınlar təbii və antropogen mənşəli olurlar. İqlim dəyişikliyi, yüksək temperatur, ildırımçaxma kimi təbii proses və hadisələr, eyni zamanda insanların neqativ fəaliyyəti meşə yanğınlarının başlıca səbəbləridir. Meşə yanğınları təbii ekosistemlərə ciddi mənfi təsir göstərir. İlk növbədə, atmosfer havası kükürd dioksid (SO2), dəm qazı (CO2) kimi karbon emissiyaları, metan qazı, tüstü və qurumla çirklənir ki, bu da istixana effekti yaradır. Eyni zamanda, bu halların insanların sağlamlığına da mənfi təsir göstərərək tənəffüs yolu xəstəliklərinə səbəb olduğu məlumdur".
O bildirib ki, meşə yanğınlarının başlıca mənfi təsirlərindən biri biomüxtəlifliyə dəyir: "Qiymətli, nadir və nəsli kəsilməkdə olan bitki və heyvanlar aləmi məhv olur, bəzi heyvan növləri isə öz yaşayış mühitini tərk edərək miqrasiya etməyə məcbur qalırlar.
Bununla yanaşı, meşə yanğınları torpaq ehtiyatlarına da böyük zərbə vurur. Torpağın üzvi qatı-humusu və orada yaşayan canlılar yanaraq tələf olurlar. Nəticədə həmin torpaqların məhsuldarlığı aşağı düşür və kənd təsərrüfatı üçün yararsız vəziyyətə gəlir. Bitki örtüyü məhv olan ərazilərdə eroziya və sürüşmə proseslərinin intensivliyi artır, eyni zamanda su ehtiyatlarının səviyyəsi də kəskin şəkildə aşağı enir.
Göründüyü kimi, meşə yanğınları təbii ekosistemlərin dayanıqlığını azaldaraq təbii komponentlərə məhvedici təsir göstərir. Bütün bunların qarşısını almaq üçün meşə yanğınlarına qarşı effektiv mübarizə aparmaq, maarifləndirici tədbirlər həyata keçirmək, meşə idarəetməsini təkmilləşdirmək və erkən xəbərdarlıq sistemlərini tətbiq etmək lazımdır".
Turqut Ansari
20:50 20.07.2026
Oxunuş sayı: 64