Azərbaycanda əhali siyahıya alınacaq: Əvvəlki qüsurlar aradan qaldırılacaq?
Azərbaycan Respublikasının “Rəsmi statistika haqqında” Qanununa və beynəlxalq standartlara əsasən, ölkədə hər 10 ildən bir keçirilməli olan əhalinin siyahıyaalınması sadəcə inzibati prosedur deyil, dövlətin gələcək sosial-iqtisadi xəritəsini cızan strateji bir prosesdir. Lakin sonuncu siyahıyaalmanın icra keyfiyyəti və 2029-cu ilə planlaşdırılan növbəti mərhələ bu vacib kampaniyanın nə dərəcədə dürüst aparıldığı sualını yenidən gündəmə gətirib.
Mütəxəssislərin və vətəndaşların sözlərinə görə, klassik siyahıyaalma standartları-yəni sayıcıların hər bir mənzilə daxil olaraq üzbəüz sorğu əsasında hərtərəfli formulyarları doldurması prinsipi-son illərdə öz yerini formal inzibati bazalara və masaüstü qeydlərə verib. Hətta Dövlət Statistika Komitəsinin yaxınlığında yerləşən çoxmənzilli binalarda belə qapıların döyülməməsi, toplanan göstəricilərin reallığı nə dərəcədə əks etdirdiyi ilə bağlı ciddi şübhələr yaradır.
Sovet dövrünün kənd-kənd, ev-ev gəzən komissiya ənənəsindən uzaqlaşan müasir siyahıyaalma mexanizminin 2029-cu ildə necə təşkil olunacağı və bu dəfə eyni qüsurların təkrarlanıb-təkrarlanmayacağı artıq indidən cəmiyyətin diqqət mərkəzindədir. Məsələ ilə bağlı Əmək Liqasının Sədri Sahib Məmmədov Crossmedia.az-a açıqlama verib.

"Rəsmi statistika haqqında Azərbaycan Respublikasının Qanunu var. Bu proses həmin qanun əsasında keçirilir. Hər 10 ildən bir təşkil olunur. Sovet dövründə də belə bir ənənə var idi. Həm də bu, tərəfdar çıxdığımız beynəlxalq normalara uyğundur: əhali vaxtaşırı siyahıya alınmalıdır.
Amma siyahıyaalma 2019-cu ildə keçirilməli idi. İndi isə 2029-cu ilə keçirilir. Bu, uzun və ağır işdir. Təssüf ki, bizdə sonuncu siyahıyaalınma çox qüsurlu idi".
Ekspert qeyd edib ki, şəxsiyyət vəsiqəsi əsasında və ya başqa məlumatlar əsasında siyahıyaalma həyata keçirmək olmaz:
"Ona görə də bu, ciddi bir işdir. Sovet dönəmində mən xatırlayıram, hər kənddə komissiya yaradılırdı. O komissiya gəlirdi, həyətbəhəyət gəzirdi. Bəzən bir ailədə bir saat və daha artıq vaxt keçirirdi.
Həyətbəhəyət gəzib bu formulyarı doldururdular. İnsanların təhsili, yaşadığı yer və s. Orada çoxsaylı məlumatlar əhatə olunur, onların hamısını qeydə alırdılar.
Amma sonuncu dəfə siyahıyaalma keçiriləndə, nəinki mənim qapımı döymədilər, heç bizim məhəlləyə də gəlmədilər. Bu dəfə necə olacaq, deyə bilmərəm".
Turqut Ansari
20:00 20.07.2026
Oxunuş sayı: 73