Sağlam həyatın "8-8-8" sirri: Həkim hər kəsə bu qaydanı tövsiyə edir
Hindistanlı həkim Amitabh Parti sağlamlığı qorumaq, stressin təsirini azaltmaq və xroniki xəstəliklər riskini minimuma endirmək üçün "8-8-8" qaydasını tövsiyə edir.
Crossmedia.az xəbər verir ki, həkimin sözlərinə görə, bu metod sutkanı üç bərabər hissəyə bölməyi nəzərdə tutur: 8 saat yuxu, 8 saat iş və 8 saat şəxsi həyata ayrılan vaxt.
Mütəxəssis bildirib ki, tam dəyərli 8 saatlıq yuxu həm fiziki, həm də psixoloji sağlamlığın əsas şərtlərindən biridir. Məhz yuxu zamanı orqanizm bərpa olunur, immun sistemi güclənir, beyin isə gün ərzində əldə edilən məlumatları emal edərək yaddaşı möhkəmləndirir. Bundan əlavə, keyfiyyətli gecə yuxusu hormonal tarazlığı qorumağa kömək edir və piylənmə, diabet, eləcə də depressiya riskini azalda bilər.
Həkim günün ikinci səkkiz saatını işə ayırmağı, lakin iş vaxtını mümkün qədər bu həddi aşmamağı tövsiyə edir. Onun sözlərinə görə, uzunmüddətli iş yükü və xroniki stress kortizol hormonunun səviyyəsini artırır ki, bu da ürək-damar sistemi və maddələr mübadiləsinə mənfi təsir göstərir, insulinə davamlılıq və yüksək qan təzyiqi riskini yüksəldir.
Günün son 8 saatı isə ailə ilə vaxt keçirməyə, fiziki aktivliyə, sağlam qidalanmaya və istirahətə həsr olunmalıdır. Mütəxəssisin fikrincə, bu vərdişlər ürək və oynaq sağlamlığını, həmçinin psixoemosional vəziyyəti yaxşılaşdırır və sosial təcrid riskini azaldır.
Bununla yanaşı, həkim vurğulayıb ki, "8-8-8" qaydası hər kəs üçün eyni dərəcədə uyğun deyil. Bu rejim yaşa, peşəyə, həyat tərzinə və sağlamlıq vəziyyətinə uyğun şəkildə fərdiləşdirilməlidir. Məsələn, prediabeti olan şəxslərə boş vaxtlarını daha çox fiziki aktivliyə və düzgün qidalanma rejiminə ayırmaq tövsiyə olunur.
Həkimin sözlərinə görə, əsas məqsəd qrafikə mükəmməl əməl etmək deyil, hər gün davam etdirilə bilən sağlam vərdişlər formalaşdırmaqdır.
01:29 20.07.2026
Oxunuş sayı: 69