ABŞ-İran münaqişəsinin nə zamana qədər dabam edəcəyi açıqlandı- MÜSAHİBƏ
ABŞ-nin vitse-prezidenti Cey Di Vensin İsraillə bağlı son açıqlaması beynəlxalq gündəmdə geniş rezonans doğurub. Onun İsrail daxilində ABŞ ilə İran arasında mümkün razılaşmanın əldə olunmasını istəməyən və qarşıdurmanın davam etməsində maraqlı olan qüvvələrin mövcudluğu barədə səsləndirdiyi iddia müxtəlif müzakirələrə yol açıb. Belə ki, bu açıqlama Vaşinqton və Təl-Əviv arasında İran siyasəti ilə bağlı yanaşmaların nə dərəcədə üst-üstə düşdüyü, eləcə də Yaxın Şərqdə gərginliyin gələcək inkişaf istiqaməti barədə sualları yenidən gündəmə gətirib. Xüsusilə ABŞ-nin İranla diplomatik təmasları davam etdirməyə çalışdığı bir vaxtda bu cür bəyanatın verilməsi diqqətdən yayınmayıb.

Azad Vətən Partiyasının sədri Akif Nağı mövzu ilə bağlı Crossmedia.az-ın suallarını cavablandırıb.
– Cey Di Vensin bu açıqlaması ABŞ-İsrail münasibətlərində pərdəarxası fikir ayrılıqlarının açıq etirafı kimi qiymətləndirilə bilərmi?
– İranla bağlı məsələdə ABŞ-nin mövqeyi aydındır. Bu, təkcə Prezident Donald Trampla bağlı deyil, bir dövlət kimi ABŞ-nin mövqeyidir. İrandakı siyasi rejimi dəyişmək, onların ehtiyatlarına nəzarət etmək əsas məqsəddir. Bu məqsədə çatmaq üçün isə nüvə tədqiqatları və digər məsələlərdən vasitə kimi istifadə olunur. Yəni bu məsələni biz özümüz üçün aydınlaşdırmalıyıq. Təbii ki, nüvə ilə bağlı İranın nüvə proqramını həll etmək istəyirlər. Bu, dünya üçün təhlükədir. İranın nüvə tədqiqatlarının dayandırılması ABŞ üçün həm hədəfdir, həm də məqsədə çatmaq üçün vasitədir. Ola bilər ki, ABŞ ilə İsrail arasında maraqlar tam üst-üstə düşməsin, amma əsasən üst-üstə düşür. Onların maraqları müəyyən detallarda ola bilər. Vensin səsləndirdiyi mövqe də müəyyən taktiki gediş kimi dəyərləndirilə bilər. Məqsəd məsuliyyəti özlərindən uzaqlaşdırmaq, diqqəti başqa yerə yayındırmaq ola bilər.
– Əgər İsrail daxilində, həqiqətən, ABŞ-İran qarşıdurmasının davam etməsində maraqlı qüvvələr varsa, bunun arxasında təhlükəsizlik narahatlığı dayanır, yoxsa siyasi və geosiyasi maraqlar?
– İran isə nə bahasına olursa-olsun regionun lider dövlətinə çevrilməyə çalışır. Belə bir məqsəd səviyyəsinə çatan bir istəkdir. Bunu özləri üçün əsaslandırmağa çalışırlar. Bunun üçün də nüvə silahını əldə etməyə çalışırlar. Yəni nüvə silahının əldə olunması onlar üçün həm hədəfdir, həm də vasitədir. Amma əsas hədəf regionun hakim dövlətinə çevrilməkdir. Yəni iddiaları budur. Amma iddiaları ilə imkanları üst-üstə düşmür. Bu iddiaları həyata keçirmək üçün imkanları yoxdur. Amma on illərdir bu istiqamətdə gedirlər, belə bir xətt götürüblər və ondan geri çəkilə bilmirlər. Digər region dövlətlərinin də öz maraqları var. ABŞ ilə İran qarşıdurmasından İsrail də öz məqsədləri üçün istifadə etməyə çalışır. Əsas məqsədi, nə qədər mümkündürsə, əlavə əraziləri ələ keçirməkdir. Qolan istiqamətində, Livan istiqamətində əraziləri ələ keçirməyə çalışırlar. Eyni zamanda İran təhlükəsinin aradan qaldırılması da İsrailin əsas məsələlərindəndir.
– Bu açıqlama ABŞ-nin İranla diplomatik razılaşma əldə etmək niyyətinin hələ də gündəmdə olduğunu göstərir, yoxsa bu, sadəcə daxili siyasi mesajdır?
– Yalnız diplomatiya yolu ilə məsələni nizamlamaq mümkün deyil. Bütün dünya praktikasında diplomatiya ilə güc amili bir yerdə olanda hədəfə çatmaq olur. ABŞ də bunu çox gözəl başa düşür. Ona görə də həm gücünü nümayiş etdirir, gücdən istifadə edir, eyni zamanda diplomatiyadan da istifadə edir. Yəni iki addım irəli, bir addım geri taktikası ilə gedir.
– Belə iddiaların səsləndirilməsi Yaxın Şərqdə yeni hərbi eskalasiya riskini artırırmı, yoxsa əksinə, tərəfləri danışıqlara sövq edə bilər?
– Bu münaqişənin davam etməsində İsraildən də daha çox Amerika özü maraqlıdır. Həqiqət bundan ibarətdir ki, ABŞ öz məqsədinə çatana qədər İranla münasibətləri, hərbi qarşıdurmanı, eyni zamanda diplomatik işləri dayandırmayacaq.
Turqut Ansari
15:00 17.07.2026
Oxunuş sayı: 60