Dünyanın "kor düyünü": Rusiya-Ukrayna müharibəsi
Yaxın Şərqdə artan gərginlik qlobal geosiyasi gündəmin prioritetlərini yenidən formalaşdırır. Kremlin sözçüsü Dmitri Peskovun ABŞ-in diqqətinin hazırda Fars körfəzindəki böhrana yönəldiyini bildirməsi Vaşinqtonun eyni vaxtda bir neçə beynəlxalq böhranı idarə etmək imkanları ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb. Bu vəziyyətin Rusiya- Ukrayna müharibəsinin diplomatik həlli prosesinə və beynəlxalq güclər arasındakı strateji balansına mümkün təsirləri diqqət mərkəzindədir.

Siyasi şərhçi Şakir Ağayev Crossmedia.az-a açıqlamasında bildirib ki, Yaxın Şərqdə baş verən hadisələr ABŞ-in diqqətini Ukrayna müharibəsindən qismən yayındırsa da, Vaşinqton müharibənin diplomatik yolla həllində maraqlı olduğunu bəyan etməyə davam edir.
"Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun da qeyd etdiyi kimi, ABŞ-in əsas diqqəti son dövrlərdə Yaxın Şərqdəki proseslərə yönəldiyi üçün Ukrayna ilə bağlı danışıqlar müəyyən qədər arxa plana keçib. Buna baxmayaraq, ABŞ Prezidenti Donald Tramp son açıqlamalarında Rusiya-Ukrayna müharibəsinin başa çatmasında maraqlı olduqlarını bir daha vurğulayıb. Kreml rəhbəri Vladimir Putinin də müharibəni dayandırmalı olduğunu bildirib."
Ekspertin sözlərinə görə, Vaşinqton müharibənin qısa müddətdə bitəcəyini gözləsə də, proses gözlənildiyindən daha mürəkkəb olub:
"ABŞ administrasiyası bu müharibənin diplomatik yollarla daha tez həll olunacağını düşünürdü. Lakin sonradan məlum oldu ki, bu, həlli ən çətin beynəlxalq münaqişələrdən biridir."
Ş.Ağayev hesab edir ki, münaqişənin uzanmasında yalnız Rusiya və Ukrayna deyil, digər beynəlxalq güclərin maraqları da rol oynayır:
"Bu gün baş verənlər təkcə Rusiya-Ukrayna müharibəsi deyil. Burada daha geniş geosiyasi qarşıdurma mövcuddur və Ukrayna böyük güclərin maraqlarının toqquşduğu əsas meydanlardan birinə çevrilib. Bu səbəbdən də danışıqlar prosesinin irəliləməsi olduqca çətin görünür."
Onun fikrincə, Avropa ölkələrinin Ukraynaya dəstəyini davam etdirməsi də münaqişənin yaxın zamanda diplomatik yolla həllini çətinləşdirən amillərdəndir:
"Avropa dövlətləri Ukraynaya siyasi, hərbi və iqtisadi dəstəklərini açıq şəkildə davam etdirirlər. Bu da göstərir ki, Qərb regiondakı proseslərdə fəal tərəf olaraq qalır və münaqişənin gələcək inkişafına təsir göstərmək niyyətindədir."
Siyasi şərhçi bildirib ki, hazırkı beynəlxalq şəraitdə diplomatik həll perspektivləri zəif görünür:
"Dünyada paralel şəkildə bir neçə geosiyasi böhran davam edir. ABŞ-in Yaxın Şərqdəki proseslərə diqqət ayırması, Avropanın təhlükəsizlik siyasətində baş verən dəyişikliklər və tərəflərin mövqelərində ciddi fərqlərin qalması səbəbindən yaxın perspektivdə Rusiya-Ukrayna müharibəsinin diplomatik yolla həllini gözləmək çətindir. Hazırda tərəflər daha çox hərbi vasitələrlə üstünlük qazanmağa çalışırlar".
Nigar Xəlilli
12:00 17.07.2026
Oxunuş sayı: 62